Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus "Palmali" Şirkətlər Qrupu öz tərsanəsində inşa etdiyi ikinci “Armadi Pride” tankerini istismara verib.
Məlumata görə, Malta bayrağı altında üzən gəmi yük üçün Rusiyanın Qafqaz limanına doğru yola düşüb.
RST22M layihəsi üzrə hazırlanmış tanker çay-dəniz nəqliyyatı üçün nəzərdə tutulub. Tanker Rusiya dəniz gəmiçiliyi registrinin nəzarəti altında hazırlanıb. “Volqo-Don maks” klasslı “Armada Pride” tankerinin dedveyti 7,1 min tondur.
“Armada Pride” tankeri
Gəmi texniki xüsusiyyətlərinə görə Volqa-Don kanalından və Volqa-Baltik su yollarından keçmək qabiliyyətinə malikdir. Gəminin qabarit uzunluğu 139,95 metr, eni 16,6 metr, göyərtə yüksəkliyi 6,0 metdirdir.
Yeni layihəyə əsasən hazırlanan tanker daha da gücləndirilmiş dəniz funksiyasına malik olmaqla, bütün beynəlxalq daşıma tələblərinə tam cavab verir. Layihələndirmə zamanı dünya neft şirkətlərinin xüsusi tələbləri və əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb.
Tanker Rusiyanın daxili suları ilə, həmçinin Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Baltik dənizi və Şimal dənizi ilə hərəkət edəcək. Reyslərə Avropa və İrland dənizi ətrafında reyslər daxildir.
“Palmali” Şirkətlər Qrupu Aralıq dənizi, Xəzər və Qara dəniz sularında əsasən SOCAR və LUKOYL kimi neft şirkətlərinin yüklərini daşıyır. Həmçinin şirkət digər böyük neft və neft məhsulları şirkətləri ilə uzunmüddətli müqavilələrə malikdir.
Azərbaycanda doğulmuş türkiyəli iş adamı Mübariz Mənsimov "Palmali" Şirkətlər Qrupunun sahibi, "Xəzər-Lənkəran" futbol klubunun fəxri prezidentidir. 1968-ci il martın 22-də Bakı şəhərində anadan olmuş Mübariz Mənsimovun valideyinləri əslən Masallı rayonunun Miyankü kəndindəndir.
Mübariz Mənsimov - Azərbaycanda doğulmuş türkiyəli iş adamı
Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.
"Palmali" 129 gəmisi ilə Aralıq dənizi, Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. "Palmali"nin ən böyük müştərisi dünyaca məşhur olan "BP" şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür./anspress/