Tanınmış qaydasız döyüş ustası, dünya çempionu Sadiq Kərimov Rusiyanın Sankt-Peterburq şəhərində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.Qazeta.info APA TV -yə istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə idarəsi yayıb.
İstintaqın qənaətinə görə, 2012-ci ildə Sadiq Kərimov naməlum şəxslərlə birlikdə kafedə ölümlə hədələyərək 2 nəfərdən 3 milyon rubl alıb. Onlar başqa bir kafedə də tapança ilə hədə-qorxu gələrək, pul tələb ediblər. Sadiq Kərimov və dostları daha sonra zərərçəkənin BMW markalı avtomobilini pul əvəzinə əlindən alıblar.
Sadiq Kərimova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Hədə-qorxu ilə tələb etmə" maddəsi ilə cinayət işi başlanılıb, ittiham irəli sürülüb.
Qeyd edək ki, "Qara canavar" ləqəbli Sadiq Kərimov 2012-ci ildə Azərbaycan yığmasının heyətində döyüş sambosu üzrə 74 kiloqram çəkidə dünya çempionu olub.
Sadiq Kərimov Lənkəran rayonunun Separadi kəndində anadan olub. O, sonradan yaşamaq üçün Rusiyaya köçüb.