Beynəlxalq Olimpiya Komitəsi dopinqdə cəzalanan idmançıların bəziləri ilə bağlı yekun qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Pekin-2008-in bəzi nəticələri ləğv edilib.
Buna Çində keçirilən Oyunlarda götürülən analizlərin təkrar yoxlanışı zamanı müsbət nəticə verməsi səbəb olub. Yarışda çıxışı ləğv edilən idmançılar sırasında Azərbaycan ağırlıqqaldıranı da var. Belə ki, Pekində 85 kq çəki dərəcəsində 361 kq çəkinin öhdəsindən gələrək 9-cu olan İntiqam Zairovun da nəticələri siyahıdan çıxarılıb. Onun orqanizmində turinabolun aşkarlandığı bildirilir.
Zairovu cəzalandıran komissiyada Denis Osvald, Xuan Antonio Samaranç və Uğur Erdener yer alıb.
Həmçinin, moldovalı Aleksandr Dudoqlo, rusiyalı Nadejda Yevstyuxina, Marina Şainova və ermənistanlı Tiqran Martirosyanın da nəticəsi ləğv edilib. Hətta son 2 idmançı müvafiq olaraq, gümüş və bürünc medaldan belə məhrum edilib. Ağırlıqqaldıranlarla yanaşı, rusiyalı atlet Tatyana Filova da 4X100 m məsafəyə qaçışda qazandığı gümüş mükafatla vidalaşıb.
Qeyd edək ki, Zairov 2013-cü ildə Avropa çempionatında, 2 il sonra dünya çempionatında da dopinqdə “ilişib”. O, ABŞ-ın Hyuston şəhərində keçirilən mundialdan sonra 2023-cü ildək diskvalifikasiya da edilib.