Rusiyanın Ulyanovsk vilayətində azərbaycanlı ailəsinə qarşı qəddar cinayət törədən kollektor haqda 2 aylıq həbs qəti imkan tədbiri seçilib.
Məlumata görə, bu barədə Ulyanovsk şəhərinin Lenin rayon məhkəməsi qərar verib.
Dindirmə zamanı 45 yaşlı Dmitri.E öz günahını inkar edib. Onun sözlərinə görə, az qala ikiyaşlı uşağın ölümünə səbəb olacaq yanğını o törətməyib. Onun geyimində aşkar edilmiş yanğın izləri heç də kriminal hadisəylə bağlı deyil.
“Mən keçmiş arvadıma və onun anasına təsərrüfat işlərində kömək edirəm. Yanvarın 24-də qar təmizləyən texnikanı yağla və bir gün əvvəl alınmış benzinlə dolduraraq qarı təmizlədim. Bu zaman istintaqın dünən məndən aldığı gödəkcə və idman şalvarını geyinmişdim”, - deyə təqsirləndirilən bildirib.
Dmitri.E məhkəmədə
Bundan başqa Dmitri əlavə edib ki, yanğın baş verən zaman o evdə yatırmış. O bildirib ki, öz ifadələrini təsdiq etməyə və yalan detektorunda yoxlamanı keçməyə hazırdır. Rusiya mətbuatı keçmiş polis işçisi olan Dmitri.E bir neçə dəfə həbsdə olduğu barədə məlumatlar yayıb.
Qeyd edək ki, yanvarın 27-də Ulyanovsk şəhərinin Lenin rayonunda baş verən hadisə zamanı borcun qaytarılmasını tələb edən kollektorlardan biri evin pəncərəsinə “Molotov kokteyli” atıb. “Molotov kokteyli” ikiyaşlı uşağın yatdığı çarpayıya düşüb. Nəticədə uşaqla bərabər onu xilas etməyə çalışan babası 56 yaşlı İsmayıl Hüseynov ağır yanıq xəsarətləri alıb. Uşaq ən güclü yanıq dərəcəsi ilə xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən həkimlər kiçik pasiyentin vəziyyətini sabitləşdirməyi bacarıb. Polis hadisəni törədən 45 yaşlı keçmiş polis işçisi olan kollektoru tutub.
İsmayıl Hüseynov 2014-cü ildə 4 min rubl (82 manat) mikrokredit götürdüyünü və dərhal onu qaytardığını bildirib. Onun sözlərinə görə buna baxmayaraq onun borclu qaldığı bildirilib. Faizlər 40 min rubla (820 manat) qalxıb. Hüseynovun sözlərinə görə, bir gün əvvəl ona və ailəsinə təhdidlər olub. Körpənin qohumlarının sözlərinə görə, bu məqsədlə onlar bir neçə dəfə kollektorların təhlükəli təhdidləri haqqında polisə müraciət ediblər./anspress/