"Yaxın vaxtlarda Azərbaycanın təhsil sistemində yeni proqramın icrasına başlanılacaq".
Məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Diplomatiya Akademiyasında “Yerli və beynəlxalq təhsil təcrübələrinin yaxınlaşması” mövzusunda keçirilən təhsil siyasəti və tədqiqat forumunda çıxışı zamanı deyib.
O bildirib ki, “Azərbaycan üçün öyrət” adlı proqram daha çox ümumtəhsil sisteminə yönəlmiş proqram olacaq. Nazirin sözlərinə görə, yeni proqram təhsil nailiyyətlərinin artırılması üçün imkan yaradacaq: “Hər bir fərd, vətəndaş öz cəmiyyətinə, təhsil sisteminə müəyyən mənada töhfə verməlidir. Hazırda təhsil sistemində fəal iştirak, paya malik olmaq üçün gözəl fürsətlər var. Təhsil Nazirliyi tərəfindən bu çərçivə və şəraitin yaradılması davam etdiriləcək”.
Nazir qeyd edib ki, son illər savadlı gənclərin təhsil sisteminə inteqrasiyası daha fəal şəkildə müşahidə edilir: “Belə məzunların de-inteqrasiyasında müəyyən çağırışlar mövcuddur ki, onlara da cavab vermək və həll etmək üçün təhsil müəssisələrinin özündə, təhsil siyasətini həyata keçirən qurumlarda müvafiq şərait, çərçivə yaradılmalıdır. Bu şəraitin yaradılması da təhsilə öz müsbət töhfələrini verəcək”./apa/