Azərbaycanın proqram təminatçısı "Dilmanc" şirkəti "AzNET" auditoriyası üçün sosial şəbəkə yaratmağı planlaşdırır. Bunu "Dilmanc" layihəsinin rəhbəri Əbülfət Fətullayev deyib.
Onun sözlərinə görə, artıq yaradılmasına başlanılan milli axtarış sisteminin konturları hazırlandıqdan sonra layihənin reallaşdırılması nəzərdə tutulur.
Ə.Fətullayev bildirib ki, təəssüf ki, hər iki layihəni paralel reallaşdırmaq imkanımız yoxdur: "Axtarış sisteminin müəyyən parametrlərinin sosial şəbəkə ilə uyğun gəldiyini nəzərə alsaq, demək olar ki, sonuncunun yaradılması əlavə fəaliyyət tələb etməyəcək. Bundan başqa, axtarış sistemi və sosial şəbəkəyə inteqrasiya ediləcək öz messencerimizi yaratmalıyıq. Messencerimiz ölkə daxilində "WhatsApp"da olmayan daha geniş funksiyalara malik olacaq"./trend/