Qonşu ölkələrdə yayılan dabaq xəstəliyi səbəbindən Azərbaycanın bütün sərhəd rayonları baytarlıq nəzarətinə götürülüb.
Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli açıqlamasında bildirib ki, iyunun 1-dən başlayaraq ölkə ərazisində dabaq xəstəliyinə görə vaksinasiya tədbirlərinə başlanıb. O deyib ki, Azərbaycanın Lənkəran, Lerik, Qazax, Ağstafa və digər sərhəd bölgələrində baytarlıq nəzarəti tətbiq edilir:
“Son vaxtlar dünyanın bir sıra ölkələrində, o cümlədən ölkəmizlə həmsərhəd olan Türkiyə və İranda dabaq xəstəliyinin yeni "A Nepal 84" tipi aşkarlanıb. Azərbaycanda isə bu tip hələ qeydə alınmayıb. Azərbaycanın kənd təsərrüfatı nazirinin türkiyəli həmkarına müraciətindən sonra 500 min doza miqdarında peyvənd alınıb. Yardım kimi gətirilmiş peyvəndlər ilkin olaraq İran, Gürcüstan və Ermənistanla həmsərhəd rayonların sərhəd yaşayış məntəqələrində saxlanılan heyvanlara tətbiq olunur və tam nəzarət həyata keçirilir. Daxildə isə xəstəliyin A, O, Asiya-1 tiplərinə görə vaksin tətbiq edilir”.
Y. Xanvəli qeyd edib ki, hazırda Azərbaycanda dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir: “Bu sabitliyin qorunması və davamlı olması məqsədilə Dövlət Baytarlıq Xidməti tövsiyə edir ki, sahibkarlar iribuynuzlu heyvanlar arasında dabağın baş verməməsi üçün təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına riayət etsinlər, peyvəndləmənin vaxtında aparılması üçün yerli baytarlıq mütəxəssislərinə lazımi şərait yaratsınlar və bütün iribuynuzlu heyvanlarını peyvəndləməyə cəlb etsinlər. Məlumat üçün bildirək ki, yanvarda Ümumdünya Heyvan Sağlamlıq Təşkilatı İranın bir sıra bölgələrində dabaq xəstəliyinin yeni növünün yayılması ilə bağlı məlumat yayıb. Buna görə, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən qərara əsasən, hələ bu ilin yanvar ayından İranın Qum, Arat, Kaşan və digər bölgələrindən heyvanların və heyvandarlıq məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub. Qərar bu gün də qüvvəsində qalır. Dabağın A tipinin yeni növü hələ həmin vaxtlarda İranda yayılıb, onun Azərbaycandan İrana, oradan isə Dağıstana keçməsi ilə bağlı iddialar əsassızdır”./apa/