Bu gün Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın, eləcə də milli müdafiə sahəsində güc və qüdrətin möhtəşəm nümayişi - “ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisi öz işinə başlayıb.
Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonu da ölkənin milli müdafiə kompleksini təqdim edir. Azərbaycan pavilyonunda diqqət çəkən hərbi sursatlardan biri də “QFAB-100SAB” qəlpəli-fuqaslı süzən aviasiya bombasıdır.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal olunan bu bombalar düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. Təyyarədən atılan bomba 100 km-ə qədər uça bilir. Yəni hədəf müəyyən edildiyi halda hərbi təyyarə bombanı təyyarə üçün təhlükəsiz ərazidə havaya buraxır və sonra bomba özü təyin edilmiş hədəfə doğru uçaraq onu məhv edir./trend/