Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən qadın boksçular arasında Avropa çempionatında millimiz 4 medal qazanıb.
Apasport.az saytının məlumatına görə, zərif cinsin nümayəndələri arasında qitə birinciliyində çıxış edən yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub.
Belə ki, bu gün keçirilən final görüşündə 69 kq çəki dərəcəsində mübarizə aparan Yelena Vstropova türkiyəli Səma Çalışkana qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əlavə edək ki, bu, Yelenanın ikinci belə uğurudur. O, iki il öncəki qitə birinciliyində də hamıdan güclü olmuşdu.
Finalda mübarizə aparan digər dəri əlcək ustamız 54 kq çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova isə yerli boksçu Stanimira Petrovaya məğlub olaraq, gümüş medalla kifayətlənməli olub.
81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Leyla Cavadova və ən ağır çəkidə mübarizə aparan Aynur Rzayevanın isə artıq bürünc medal qazandığı dəqiqləşmişdi.