Son günlər Türkiyədə baş verən terror hadisələri, ümumilikdə yaşanan gərginlik Azərbaycanın bu ölkədən keçən kəmərləri üçün narahatlıq yaradıb. TRASEKA-nın Azərbaycan üzrə milli katibi Akif Mustafayev ANS-ə müsahibəsində bununla bağlı bir çox mətləblərə aydınlıq gətirib.
O, həmçinin, konkret olaraq Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi, yəni TRASEKA üzrə yüklərin daşınması, azalması məsələsinə də toxunub.
Həmin müsahibəni təqdim edirik.
- Akif müəllim artıq belə demək olar ki, neft erası bitdi. İndi yeni era başlayıb. Şərti olaraq bu eranın adını belə adlandırıram – yol, nəqliyyat, loqistik və TRASEKA. Təbii ki, bu, sistemin içində özünəməxsus rolu olan bir proqramdır. Yeni şəraitdə TRASEKA bizə nə verir və bizim itkilərimiz yoxsa, qazancımız çoxdur?
- TRASEKA proqramı 1993-cü ildə Brüsseldə təsis edilib. Amma TRASEKA ilə bağlı işlərə isə 1998-ci ildə Bakıda keçirilmiş beynəlxalq konfransdan sonra start verilib. 1998-ci ildən 2005-ci ilə qədər ildə təqribən 3 milyon 500 min ton yük daşınırdısa, son 10 ildə isə təqribən ortalama 50 milyon ton yük və 16 milyon ton tranzit yükləri daşınıb. Hazırda tranzit daşımalarda 30 faiz azalma qeydə alınıb. Bu azalmanın həm obyektiv, həm də subyektiv səbəbləri var. Ümumiyyətlə, obyektiv səbəblərin stastikasına baxsaq görərik ki, bütün dövlətlər arasında ticarət dövriyyəsi xeyli azalıb. O cümlədən də Azərbaycanla qonşu dövlətlər arasında. Sözsüz ki, tranzit daşımalar da azalmaya bilməzdi. Subyektiv səbəblərə gəlincə isə, bunlar bizim özümüzdən və strukturlardan aslı olan səbəblərdir. Bunlardan birincisi, Azərbaycanda hazırda vahid tarif siyasətinin tətbiq edilməməsidir. Nəticədə həm Azərbaycan Dəmir Yolları, həm Gəmiçilik, həm də Bakı Dəniz Limanı müəyyən problemlərlə qarşılaşır. Bundan başqa daşımalarda tarif məsələsi çox mühüm bir faktordur. TRASEKA nəqliyyat dəhlizində tariflər digər nəqliyyat daşımaları ilə müqayisədə daha yüksəkdir.
- Tariflər niyə yüksəkdir və bunu aşağı salmaq olmazmı?
- Dəmiryol və tranzit daşımalarında biz hesab edirk ki, bu tarifləri “Azərbaycan Dəmir Yolları” QSC özü müəyyənləşdirməlidir. Bu tariflər müəyyən edilməzdən əvvəl həm gəmiçilik, həm Bakı Dəniz Limanı razılaşdırmalıdır. Çünki Azərbaycandan keçən tranzit daşımalarda dəmiryolunun payı həddindən artıq çoxdur. Digər bir tərəfdən də cəlbedici əmsallar tətbiq edilməlidir.
- Bizim aşağı salmadığımız və salmağa hazırlaşmadığımız tariflər nəticəsində qazanmadığımız vəsaitləri konkret olaraq hansı dövlət qazanır?
- Son illər dövlət və özəl nəqliyyat şirkətləri TRASEKA-nın fəaliyyət göstərdiyi müddət ərzində ildə 250-300 milyon dollar məbləğində gəlir əldə ediblər. Bu az bir vəsait deyil. Ancaq bu gəlirlər daha çox arta bilər. Mənfəət böyüyə bilər. Bir şərtlə ki, biz indiki yük daşmalarla məhdudlaşmayaq. Özəliklə də Çini TRASEKA nəqliyyat dəhlizinə cəlb edək. Bununla əlaqədər olaraq avqustun əvvəlində qısa bir müddətdə, yəni bir həftə ərzində sınaq qatarı Çindən Azərbaycan gəldi. Hesab edirəm ki, bunu davam etdirmək lazımdır. Bu qatar Azərbaycanla yanaşı Gürcüstana, Türkiyəyə ordan da Avropaya getməlidir. Müntəzəm olaraq Çindən Avropaya yük daşımalar davam etdirilsə, böyük miqdarda vəsait əldə etmək mümkün olar. Eyni zamanda Rusiya tərəfi də bu barədə çox çalışır. Hazırda Çindəki daşımaların 3-5 faizin Rusiya əldə edə bilib. Bu isə ildə 300 min konteyner təşkil edir. Ancaq Çindən ABŞ və Avropaya ildə 15 milyona yaxın konteyner göndərilir. Yəni Türkiyə sahib olduğu gücü və imkanları ilə böyük bir potensialın 3-5 faizini əldə edə bilib. Azərbaycanda heç olmasa, 3-5 faizinə sahib ola bilsə, bu ildə 300-350 min konteyner edər. Hazırda Azərbaycan ərazisindən ildə ən yaxşı halda 40 mindən artıq konteyner getməyib.
- Hazırda fəaliyyət göstərdiyiniz bu binanın icarə haqqını çıxara biləcək dərəcədə faydalıdır?
- Bu təşkilat fərqlidir, TRASEKA hökümətlərarası komissiyası kommersiya təşkilatı deyil. Bizim nə nəqliyyat vasitəmiz var, nə də biz ondan gəlir əldə edirik. Burada söhbət dövlət və özəl nəqliyyat strukturlarından gedir. Onlar da ildə ən azı 250 milyon dollar gəlir əldə edirlər. Amma bu gəlir daha artıq ola bilərdi. Bundan ötrü yük axınını ölkəyə cəlb etmək lazımdır. Güzəştli tariflər tətbiq etmək lazımdır. Sərhəd Gömrük məntəqələrində prosedurları sadələşdirmək lazımdır. Öncədən bəyannamələr verilməli, yüklər sərhəddə çox saxlanılmamalıdır. Məsələn, Rusiyanın Trans-Sibir nəqliyyat dəhlizi TRASEKA-dan 2,2 dəfə daha uzundur. Bu həm vaxt uduşu, həm də gəlir artımıdır. Bununla belə Rusiya müəyyən vaxtlarda bizdən daha üstün olub. Amma bu sahadə Azərbaycanın, Qazaxıstanın, Gürcüstanın, Türkiyənin və başqa TRASEKA dövlətlərin imkanları daha çoxdur. Bundan ötrü hər bir ölkənin özündə vahid tarif siyasəti müəyyən edilməlidir. Ondan sonra bütün TRASEKA nəqliyyat dəhlizi boyu dövlətlərarası şəffaf vahid tarif sistemi müəyyən edilməlidir ki, yük göndərən və yükü qəbul edən də bilməlidir ki, tarif nə qədərdir. Fərqli-fərqli qapıları döyməsin, yalnız bir qapını döysün bir operator dəyişsin. “ASAN xidmət” sistemində olduğu kimi.
Müsahibənin davamı aşağıdakı videomaterialda/anspress/