Ötən gün iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfər çərçivəsində “DP World Group” şirkətinin rəhbərliyi ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasına məsləhət xidməti göstərən BƏƏ-nin “DP World Group”un gördüyü işlər barədə məlumat verilib, məsləhət xidmətləri üzrə sənaye və logistika infrastrukturu üçün Baş Plan, Zonanın inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də həyata keçiriləcək sahibkarlıq fəaliyyəti növləri və s. barədə müzakirələr aparılıb.
Sonra Azərbaycan nümayəndə heyəti BƏƏ-nin “VPS Healthcare” şirkətinin rəhbərliyi ilə görüşüb. İqtisadiyyat naziri Şahin Mustafayev hazırda Azərbaycanda əczaçılıq sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkının yaradıldığını və artıq parkda 2 dərman istehsalı zavodunun tikintisinin aparıldığını diqqətə çatdırıb. Bildirilib ki, bununla belə əczaçılıq sahəsinə maraq göstərən digər şirkətlərlə danışıqlar davam etdirilir. Azərbaycanda səhiyyə sahəsinə investisiya yatırılması, o cümlədən birgə əczaçılıq müəssisəsinin yaradılması imkanları barədə geniş fikir mübadiləsinin aparıldığı görüşdə bu ilin fevral ayında "VPS Healthcare" şirkəti və "Azərbaycan İnvestisiya Şirkəti" ASC arasında Anlaşma Memorandumunun imzalandığı vurğulanıb, hazırlıq işlərinin tezliklə başa çatdırılması və əczaçılıq müəssisəsinin təməlinin qoyulması məsələsi müzakirə edilib. Görüşdə “VPS Healthcare” şirkəti ilə səhiyyə sahəsində digər əməkdaşlıq imkanları da müzakirə olunub.
Azərbaycan nümayəndə heyətinin üzvləri "VPS Healthcare" şirkətinin Dubayda yerləşən səhiyyə müəssisəsində və dərman istehsalı zavodunda olub, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olublar. Məlumat verilib ki, səhiyyə sahəsində dünyada tanınmış şirkətlərdən olan "VPS Healthcare" şirkətinin 20 ixtisaslaşmış xəstəxanası, Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Səudiyyə Ərəbistanı, Oman, Qətər və Hindistanda 13 brenddə xəstəxana və sağlamlıq mərkəzləri, Dubaydaəczaçılıq zavodu, Hindistanda stomatologiya kolleci və s. fəaliyyət göstərir. Ümumilkdə, "VPS Healthcare" şirkətinin 100 tibb müəssisəsi vardır. Şirkətin daha bir əczaçılıq zavodu Əbu Dabidə tikilir. Şirkətin dərman zavodunun məhsulları Asiya, Avropa, Şimali və Cənubi Amerikaya ixrac olunur.
Həmin gün Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarının iştirakı ilə biznes forum keçirilib. Dubay Ticarət və Sənaye Palatasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş biznes forumda hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, qida, tikinti, maliyyə, turizm və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Tədbirdə Azərbaycanın və BƏƏ-nin iqtisadiyyat nazirliklərinin, Dubay Ticarət və Sənaye Palatasının nümayəndələri çıxış edib, Azərbaycanın investisiya imkanlarının təqdimatı keçirilib. Forumda Azərbaycanın siyasi cəhətdən sabit, güclü iqtisadi potensiala, əlverişli biznes və investisiya mühitinə, əlverişli tranzit imkanlarına malik, investisiya qoyuluşu üçün cəlbedici ölkə olduğu vurğulanıb. Tədbirdə BƏƏ iş adamları Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmaqla sənaye, kənd təsərrüfatı, İKT, turizm kimi prioritet sahələrə sərmayə yatırmağa dəvət edilib. Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil edilib, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Sonra Azərbaycan şirkətlərinin təmsilçiləri BƏƏ-nin “Lulu” marketlər şəbəkəsində olub və marketlər şəbəkəsinin rəhbərliyi ilə görüşüblər. Görüşdə əməkdaşlıq məsələləri və Azərbaycan istehsalı olan məhsulların BƏƏ və Körfəz ölkələrində yerləşən “Lulu” marketlər şəbəkəsinin ticarət obyektlərində satışı barədə müzakirələr aparlılıb. Qeyd edilib ki, məhsullarımıza BƏƏ-də böyük maraq var, artıq Azərbaycan alması və müxtəlif çeşiddə kompotlarımız “Lulu” marketlər şəbəkəsində satışdadır. Məlumat üçün bildirək ki, “Lulu” marketlər şəbəkəsi Körfəz regionunun ticarətində önəmli yerə malikdir və 138 mağazası ilə Birləşmiş Ərəb Əmirlikləri, Oman, Qətər, Küveyt, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya və Hindistanda fəaliyyət göstərir.
Azərbaycan iş adamları həmçinin, BƏƏ-nin “Union Cop” mağazalar şəbəkəsində olub və şirkət rəhbərliyi ilə görüşüblər. Görüşdə Azərbaycan məhsullarının, xüsusilə də meyvə-tərəvəzin “Union Cop” mağazalar şəbəkəsində satışına dair müzakirələr aparılıb. Qeyd edilib ki, artıq bəzi Azərbaycan məhsullarının “Union Cop” mağazalar şəbəkəsində satışı həyata keçirilir. Bununla belə, Azərbaycan məhsullarına maraq böyükdür.
Bu gün – aprelin 20-də isə Dubayda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası və bir sıra ikitərəfli görüşlər keçiriləcək.