Azərbaycandan Türkiyə-Rusiya açıqlaması
03.02.2016 768 0.0 0

Türkiyə və Rusiya arasında qarşıdurma Azərbaycanı narahat edir. Məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, rəsmi Bakı bu qarşıdurmanın region ölkələrinə mənfi təsir etməyəcəyinə ümid edir.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bundan əvvəl Türkiyə və Rusiya xarici işlər nazirləri ilə region ölkələri arasında münasibətlərə zərər vurmaması üçün gərginliyin azaldılması məqsədilə danışıqlar aparıb.

"Əlbəttə, biz narahatçılıq keçiririk. Bu, bizim Türkiyə, eləcə də Rusiya rəsmiləri ilə müzakirələrimin tərkib hissəsi olub. Mən həm Türkiyənin, həm Rusiyanın xarici işlər nazirləri ilə bu məsələni müzakirə etmişəm. Biz çalışırıq ki, bu vəziyyət keçmişdə qalsın və təkcə Türkiyə və Rusiya arasında ikitərəfli münasibətləri deyil, digər sahələrdə də əməkdaşlığı çətinləşdirməsin. Bizim Türkiyə ilə strateji əlaqələrimiz vardır, bir sıra önəmli sənədlər imzalamışıq, həmçinin Rusiya ilə də strateji tərəfdaşlığımız vardır.

Hər iki ölkə Azərbaycanın ən böyük ticarət tərəfdaşları sırasındadır. Ölkələrimiz arasında iqtisadi əlaqələr, siyasi anlaşma yüksək səviyyədədir. Prezidentlər, xarici işlər nazirləri, digər hökumət üzvləri səviyyəsində qarşılıqlı səfərlərimiz olur. Azərbaycan bu ölkələr arasında əməkdaşlığın bərpa olunması üçün səy göstərir və yollar axtarmağa çalışır", - deyə Elmar Məmmədyarov bildirib.

Ötən ilin noyabr ayında prezident İlham Əliyev Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə bəyan etmişdi ki, Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır.

"Azərbaycan Türkiyə və Rusiya ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir", - deyə İlham Əliyev bildirib.

Xatırladaq ki, 2015-ci ilin noyabrın 24-də Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus SU-24 bombardmançı təyyarə Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulub. Ankara Rusiya təyyarəsinin ölkənin hava məkanını pozduğunu iddia edir. Rusiya tərəfi isə Türkiyənin hava məkanını pozulması faktını inkar edir və insidenti təcavüz aktı kimi qiymətləndirib.

İnsident iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar