Azərbaycanda yerüstü metro (FOTO)
22.05.2015 803 0.0 0

“Bakı Dövlət Universitetində oxuyuram. Hər gün universitetə gedib-gələndə mənim üçün çətin olur. Bakı-Sumqayıt yolunda dəfələrlə olub ki, tıxaca düşdüyümə görə birinci dərsə gecikmişəm. Həm də indiki qatarlarda komfort adında heç nə yoxdur”.

Sumqayıtda yaşayan BDU-nun tələbəsi Cəlal Quliyev kimi Bakı-Sumqayıtda yolunda saatlarla qalan tələbələrin sayı minlərlədir.

Təsadüfi deyil ki, ümumilikdə Azərbaycanda dəmir yollarından istifadə edənlərin sayı sürətlə azalır. Bunun da səbəbləri var. Əsas səbəb yerli xətlərdə işləyən qatarların şəraitsiz olması və çox ləng hərəkətidir.

Dövlət Statistika Komitəsindən  verilən açıqlamaya görə, əgər 2009-cu ildə Azərbaycanın yerli dəmir yolu xətlərindən 5 milyon 938 min sərnişin istifadə etmişdisə, 2013-cü ildə bu göstərici 2 milyon 164 min nəfərə düşüb. Dörd ildə Azərbaycan Dəmir Yolları 3 milyon 774 min müştəri itirib. İl üzrə 944 min, yəni təxminən 1 milyon müştəri deməkdir.

İldə təxminən 1 milyon müştəri dəmir yolundan imtina edərək avtobuslara keçir və bu, ekologiyaya fəlakətli təsir etməklə yanaşı, yollarda da qəzaların sayını artırır.

Bütün bunları nəzərə alan “Dəmiryolları” QSC ölkənin rayon və şəhərlərinə komfortlu sürət qatarlarının hərəkət etməsi üçün işlərə başlayıb.

Artıq ölkədə dəmir yollarında təmir işləri aparılır və elektrik xətləri yenilənir. Bakı-Gəncə istiqamətində saatda 80-90 sürətlə gedən qatarların sürəti 140-a qalxacaq. Bu işlər bitdikdən sonra qatarların pultla idarə edilməsi sisteminə keçirilməsi gözlənilir.

Bakıdan Sumqayıta da həm yol qısalır, həm də vaxt. “Dəmiryolları” QSC-nin mətbuat xidmətindən  verilən məlumata görə, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun artıq 43 kilometrdən çoxu təmir edilib.

“Avropa oyunları ilə əlaqədar Bakı-Sumqayıt istiqamətində hərəkət edəcək ikimərtəbəli sürət qatarı iyun ayının 5-dən 28-dək Avropa Oyunları ilə əlaqədar Bakı vağzalından oyunların keçiriləcəyi stadionun yanına, yəni “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edəcək. İyunun 28-dən sonra yəni oyunlar qurtardıqdan sonra sürət qatarı Bakı-Sumqayıt istiqamətində hərəkət edəcək. Yaxın günlərdə Bakıya gətriləcək dördvaqonlu iki mərtəbəli qatarlar müasir standartlara cavab verir. Qatar geniş işıqlı salonlar, rahat oturacaqlar və Wİ Fİ-la da təmin edilib. Biznes sinifinə çay və kofe xidməti də daxildi. Azərbaycan Dövlət Dəmir Yolları QSC İsveçrə şirkətinə hələ ki 5 belə qatar sifariş verib. Onlardan ikisi bu il, qalan üçü isə gələn il ölkəyə gətiriləcək”, - deyə “Dəmiryolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Yeni ikimərtəbəli sürət qatarları istifadəyə verildikdən sonra qatarlarda qiymət dəyişikliyinə gəlincə, Nadir Əzməmmədov bildirdi ki, bu barədə hələlik heç bir qərar verilməyib./anspress/

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar