Bu gün Milli Məclisin növbədənkənar iclasında Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Dövlət Neft Şirkəti, “Zenit Aran Oil Company Limited” və SOCAR-ın Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Məlumata görə, qanun layihəsi barədə Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib.
Sazişin müddəti 25 ildir, əlavə 5 il müddətinə uzadıla bilər. Bu qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, qanun sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Sazişə əsasən 5 il sonra fəhlələrin 95 faizi, mühəndislərin 90 faizi Azərbaycan vətəndaşları olmalıdır.
Millət vəkili Çingiz Qənizadə bu yataqların yerləşdiyi İmişli rayonunun əhalisinin iş yerləri ilə bağlı narahatlığının olduğunu və bu narahatlığın aradan qalxdığını bildirib: “Kontrakt sahəsində çalışanların əksəriyyəti Azərbaycan vətəndaşları olacaq. Ona görə də İmişli əhalisinin təşəkkürünü çatdırıram”.
Məsələ səsverməyə çıxarılıb və qəbul edilib./apa/