AMEA Elmi İnnovasiyalar Mərkəzi (EİM) ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Azərbaycanda Milli İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı layihə təqdim edilib.
Bu barədəEİM-in baş direktoru Azər Namazov məlumat verib.
O bildirib ki, layihə xüsusi əhəmiyyət daşıyır və bütün ölkə səviyyəsində gərəkli sayıla bilər.
“Bu layihədə innovasiya, qabaqcıl texnologiyalar, yeni biliklər, onların genişləndirilməsi və iqtisadiyyatda tətbiqi kimi çox vacib aspektlər əks olunub. Hüquqi və təşkilati məsələlərin həlli, eləcə də ölkə qanunvericiliyinə dəyişikliklər edilməsi üçün xeyli səy göstərmək lazımdır”, – deyə A.Namazov qeyd edib.
EİM rəhbərinin sözlərinə görə, Milli İnnovasiya Mərkəzinin nəzdində Koordinasiya Şurası da yaratmaq nəzərdə tutulub ki, bu qurum dövlət və biznes qurumlarını əməkdaşlığa cəlb etməklə yanaşı, innovativ layihələrin respublika səviyyəsində reallaşdırılması ilə məşğul olacaq: “Bu, öz növbəsində dövlət və biznes sektoru arasında səmərəli körpü qurmağa imkan yaradacaq”./ Trend/