Azərbaycanda 2019/2020-ci tədris ili başlayıb.
Qazeta.info "Report"-a istinadla xəbər verir ki, sentyabrın 16-da ölkənin bütün orta və ali məktəblərində dərslərə start verilib.
Ümumtəhsil müəssisələrində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.
Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunlar iştirak edirlər.
Ümumiyyətlə, yeni tədris ilində ümumitəhsil müəssisələrində 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird təhsil alacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində isə ümumilikdə, 414 844 şagird təhsil alacaq. IX sinifdə 32 315, X sinifdə 22 795, XI sinifdə 18 896, XII sinifdə isə 198 şagird oxuyacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur. Bu ilki Bilik Günü bazar gününə təsadüf etdiyindən 2019/2020-ci tədris ili sentyabrın 16-da başlayır.