Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə Gürcüstan Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasi ərazisinə gətirilmiş külli miqdarda siqaretin saxlanılması və satışı barəsində məlumat daxil olub.
Qazeta.info Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadla bildirir ki, əməliyyat məlumatına əsasən, eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti və yerli məhkəmənin qərarı əsasında Azərbaycan vətəndaşı Əsədov Samir Oruc oğlunun Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsində yerləşən 2 mərtəbəli nömrəsiz fərdi yaşayış evinə baxış keçirilib.
Baxış zamanı həmin evin anbar kimi istifadə edilən birinci mərtəbəsində gömrük qanunvericiliyinin pozulması yolu ilə ölkə ərazisinə gətirilmiş və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 271 min 400 ədəd müxtəlif adlı siqaretlər aşkar olunub.
Bundan başqa, yoxlama nəticəsində qeyd edilən fərdi yaşayış evində 400 bağlama “Predo Baby” markalı uşaq bezləri və 5 ədəd 9 kq çəkidə “ABC Automat” markalı yuyucu tozlar da aşkar olunaraq götürülüb.