Azərbaycanda yas mərasimləri qanunla tənzimlənəcək
16.12.2015 629 0.0 0

Azərbaycanda yas mərasimlərinin keçirilməsi ilə bağlı vahid qaydaların müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov  bildirib ki, hazırda bu istiqamətdə digər ölkələrin təcrübəsi öyrənilir: “Bilirsiniz ki, bir müddət öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən də yas mərasimlərində israfçılığa yol verilməməsi ilə bağlı məsələ qaldırılmışdı. Bununla bağlı tövsiyələr, ayrı-ayrı ziyalıların mətbuatda çıxışları olsa da, insanların bir hissəsi buna əməl etdi, digər hissəsi isə əməl etmədi”.

S.Novruzov hesab edir ki, bu istiqamətdə edilən tövsiyələr istənilən nəticəni vermədiyi üçün yas mərasimlərinin keçirilməsi ilə bağlı qanunun qəbul edilməsinə ehtiyac var: “Dünyada bu baxımdan bir çox təcrübələr var. Hazırda Türkiyə, İran, Pakistan və digər müsəlman ölkələrinin bu istiqamətdə təcrübələrini öyrənirik. Fikirləşirik ki, bu təcrübələri öyrəndikdən sonra əsaslı şəkildə, hər bir tərəfin marağına toxunmadan müvafiq normativ-hüquqi sənəd ortaya çıxaraq. Məsələnin qanun çərçivəsində tənzimlənməsinə ehtiyac var, çünki tövsiyə ilə bunu həyata keçirmək mümkün deyil. İnsanların bir hissəsi tövsiyəyə əməl edir, bir hissəsi isə əməl etmir. Bu baxımdan gərək qanun olsun ki, hamı da qanun qarşısında bərabər şəkildə öz borcunu yerinə yetirsin”./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar