Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Azərbaycanda uşaqlara qoyulan adların siyahısını təsdiq edib. Qazeta.info bildirir ki, bu barədə "Report"a Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova məlumat verib.
O bildirib ki, adlar siyahısına AMEA-nın Dil Komissiyası baxıb və təsdiqləyib: "Siyahı Ədliyyə Nazirliyinə təhvil verilib. Gülüş doğuran, anlaşılmaz adlar siyahıdan çıxarılıb. Hazırda siyahıda gözəl adlar var, ona əsaslanaraq valideynlər övladlarına ad seçimi edə bilərlər. Siyahıdan kənar adların qoyulması qadağan edilə bilməz, çünki xalqın yaradıcılığı sayəsində adlar sistemi daim inkişaf edir. Valideynin özünün yaradıcılıq qabiliyyəti varsa, yeni ad gətirirsə, bunun qarşısı alınmamalıdır".
Sayalı Sadıqovanın sözlərinə görə, yeni adların qoyulması ilə bağlı Terminologiya Komissiyasına müraciətlər daim daxil olur: "Bu yaxınlarda "Alpər" adını övladına qoymaq istəyən valideyn bizə müraciət etmişdi. Bu, türk mənşəli addır, təbii ki, qoyulması münasibdir. "Albas" adının qoyulması ilə bağlı da komissiyaya müraciət daxil olmuşdu. Komissiya araşdırdı və məlum oldu ki, bu ad "mübariz" mənasını verir və tarixi qəhrəman adıdır. Yəni valideynlər tarixi vərəqləyib dilimizə yeni adlar gətirirsə, bunun əleyhinə çıxa bilmərik. "Beyrək" adı da bu qisim adlardandır".
O, həmçinin qeyd edib ki, körpələrə qoyulan hər bir yeni ad üçün Terminologiya Komissiyasına müraciət olunmur: "Qeydiyyat şöbələrinə müraciət olunan adların qoyulmasında mübahisələr varsa, bununla bağlı vətəndaş məhkəməyə müraciət edir. Məhkəmə prosesində komissiyaya müraciət olunur və biz məsələyə münasibətimizi bildiririk".
Sədr müavininin sözlərinə görə, Terminologiya Komissiyasına "Tutma", "Bəy", "Yaraşıq" kimi adların qoyulması ilə bağlı da müraciətlər edilib: "Bu nə dərəcədə düzgündür?! Bu qisim adlar gələcəkdə uşağın psixologiyasına mənfi təsir edə bilər".
O, həmçinin bildirib ki, valideynlər övladlarına ad qoyarkən çox diqqətli olmalı və bu işə vicdanla yanaşmalıdırlar: "Valideyn özündə məsuliyyət hiss etməlidir və adların ilk növbədə xalqın kimliyini özündə əks etdirdiyini unutmamalıdır".