İllik "Qlobal terrorçuluq indeksi - 2015"in (The Global Terrorism Index) hesabatında dünya ölkələrindəki terror təhlükəsi qiymətləndirilib. Siyahıda Azərbaycanın da adı çəkilib.
Məlumata görə, siyahı İqtisadiyyat və Sülh İnstitutunun (The Institute for Economics and Peace) mütəxəssislərinin araşdırmaları nəticələrinə əsasən hazırlanıb.
Həmin siyahıda Azərbaycan 160 ölkə içərisində 93-cü yerdədir. Terror təhlükəsinin ən yüksək olduğu ilk üçlükdə isə İraq (1-ci yer), Əfqanıstan (2-ci yer) və Nigeriyadır (3-cü yer).
Cədvəl 2014-cü ilin məlumatlarına əsasən hazırlandığı üçün Fransa və Misirdə baş verən və yüzlərlə insanın ölümünə səbəb olan terror hadisələri hesaba alınmayıb.
Eyni məlumatda terrorun nəticələri və qurbanları haqqında məlumat verilib və bildirilib ki, 2014-cü ildə terror qurbanlarının sayı 32 min 658 nəfər olub. Bu, o deməkdir ki, terror qurbanlarının sayı 2013-cü illə müqayisədə 80 faiz artıb.
Eyni zamanda qeyd edilib ki, qurbanların ümumi sayının 78 faizi Əfqanıstan, İraq, Nigeriya, Pakistan və Suriyanın payına düşüb. Onlardan təxminən 10 min nəfəri İraqda, 7,5 min nəfəri isə Nigeriyada həlak olanlardır.
Lakin son zamanlar Avropada - Fransada baş verən terror hadisələrini, Rusiyanın sərnişin təyyarəsinin Misirdə partladılmasını nəzərə alsaq, 2015-ci ilin terror indeksinin 2014-dən fərqli olacağını ehtimal etmək olar. Bu fərq isə özünü təkcə ölkələrin sıralanmasında deyil, həmçinin qurbanların sayında da göstərəcək.
Məsələn, təkcə Rusiyanın A321 sərnişin təyyarəsinin Misirdə qəzaya uğraması nəticəsində təyyarədəki bütün sərnişinlər və ekipaj üzvləri - 224 nəfər həlak olub.
Bundan başqa Fransanın paytaxtı Parisdə eyni gündə bir neçə yerdə baş verən terror aktları nəticəsində 150-dən çox insan həlak olub.
Fransada terror hadisəsi baş verən stadion./anspress/