Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə qaldırılıb.
Qazeta.info “Report”-a istinadla xəbər verir ki, bu gün Tarif (Qiymət) Şurasının növbəti iclasından sonra İqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda güzəştli tariflərdən əhalinin 85%-i istifadə edəcək: "Qərar sabahdan qüvvəyə minəcək. Hesablanma mayın 1-dən hesablanacaq".
Nazir deyib ki, bu günədək istehlak həcmi 1700 kubmetr olan tarifdən 1,5 mln. abonent və ya 6 milyon nəfər istifadə edirdi: "Mövcud qərara əsasən, əlavə olaraq 300 min abonent (1,2milyondan çox vətəndaş) bu güzəştdən yararlanacaq. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-ə yüksələcək".
Xatırladaq ki, Tarif Şurasının 1 dekabr 2016-ci il qərarına əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.