“Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” yanvarın 1-dən qüvvəyə minib.
Məlumata görə, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” təsdiq edilib.
Qaydaya əsasən yanvarın 1-dən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir. Aksiz markası ilə markalanmalı olan alışı və satışı bu malların istehsalı, idxalı və ya satışı üçün müvafiq lisenziya olduqda, həmin malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olduqda və həmin malın təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədi ilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə halları istisna olmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə həyata keçirilə bilər. Bu tələblərdən hər hansı birini pozan şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsində əsasən (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda (50 manatadək) satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat miqdarında cərimənin tətbiq edilməsi nəzərdə tutulur. Cinayət Məcəlləsinə əsasən tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda (50 manatdan 1000 manatadək) satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinə əsasən isə eyni əməllər külli miqdarda (1000 manatdan yuxarı) törədildikdə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Buna görə də 2016-cı ilin yanvarın 1-dən etibarən istehsal və satış obyektlərində aksiz markası ilə markalanmalı olan malların nağdsız satılması həyata keçirilməli və müvafiq lisenziya, habelə malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olmalıdır. Qanunun tələblərinə görə markalanmalı malları istehsal edən, idxal edən, satan və alan (fərdi istehlakının ödənilməsi məqsədi ilə alan fiziki şəxslər istisna olmaqla) şəxslər həmin malların əldə edilməsini təsdiq edən müvafiq sənədləri bu sahədə nəzarəti həyata keçirən Vergilər Nazirliyinin əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.
Qeyd edək ki, Qaydaya əsasən aksiz markaları ilə markalanmalı olan malların siyahısına içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatları daxildir./apa/