Bu il Azərbaycan ərazisində ayrılan seysmik enerjinin miqdarı 2013-cü illə müqayisədə 20 dəfə çox olub, zəlzələlərin sayı isə bir qədər artıb. Bu barədə məlumatı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən veriblər.
Mərkəzdən bildirilib ki, bu il Azərbaycanda 25 hiss olunan (ml=2.8-5.7) zəlzələ baş verib. Bu il ərzində Azərbaycanın şimal-qərb zonasında (Zaqatala zonası), Şəki, Qəbələ, Şamaxı-İsmayıllı seysmogen zonasında, Ağstafa, Talış zonasında, Naxçıvan - Ermənistan sərhədində seysmikliyin artımı müşahidə olunub. Bu il 2013-cü ilə nisbətən Xəzərin seysmikliyi də bir qədər artıb.
Mərkəzdən deyilib ki, Alazan-Əyriçay-Ələt, Vəndam uzununa qırılmaları, Qazax-Siqnax, Tahircalçay-Salyan, Çaxırlı-Qəbələ, Qərbi Xəzər-Mahaçqala-Türkmənbaşı dərinlik qırılmaları istiqaməti boyu aktivləşmə müşahidə olunur. Seysmiklik, əsasən, Böyük Qafqazın cənub-şərq yamacında Zaqatala-Balakən, Şamaxı-İsmayıllı, Şəki, Qəbələ, Talış, Ağstafa zonalarında müəyyən olunur.
Bununla yanaşı, Kiçik Qafqazın cənub və şimal hissəsində, Naxçıvan - Ermənistan sərhədində, İran zonasında (Təbriz şəhəri), Xəzər dənizində, Abşeronun şimal və cənub hissələrində aktiv sahələr müşahidə olunur: “Bu il Böyük Qafqazın cənub yamaclarında, Kür çökəkliklərində və Talışətrafı sahədə 10 geoloji mühitin gərginlik zonaları aşkar edilib. Hesab edilir ki, bu zonalar hiss olunan zəlzələ ocaqlarının mümkün zonaları ola bilər”.//Trend