Azərbaycanda oğlan uşaqlarının sayı qızlara nisbətən getdikcə artır.
Məlumata görə, Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarında qadınların sayının (50.2%), kişilərə (49.8%) nisbətən çox olmasına baxmayaraq, bu il doğulan uşaqlar arasında yenə də oğlanlar üstünlük təşkil edir. Rəsmi məlumata əsasən, doğulan körpələrin 53,2%-i oğlan, 46,8%-i isə qızlardır.
Bu rəqəmlər də göstərir ki, bir neçə ildən sonra oğlanlar evlənmək üçün ciddi çətinliklə qarşılaşacaqlar. Mütəxəsisslər o qənaətdədir ki, yeni doğulanlar arasında oğlanların qızlarla nisbətdə çoxluq təşkil etməsində müasir tibbi vasitələrin daha çox rolu var. Belə ki, hamiləliyin 12-ci həftəsində USM müayinəsinin nəticəsində artıq dölün cinsiyyəti bilinir. Bundan sonra isə bəzi valideynlər qız övladının doğulmasının qarşısını alırlar. Məhz bu səbəbdən hazırda dünyanın bir çox ölkələrində dünyaya gələcək övladın cinsiyyəti ilə bağlı valideynlərə məlumat verilməsi qadağan edilib. Lakin bizdə belə bir qadağa yoxdur.
Statistik göstəricilər
Həkim Samirə Əkbərbəyova deyir ki, bir ana kimi, bir qadın kimi o da istəmir heç kim övladını tələf eləsin: "Bu dində də günah sayılır. İstər qız, istərsədə də, oğlan Allahın verdiyi paydır. Amma mən bir həkim kimi kiməsə qadağa qoya bilmərəm ki, selektiv aborta getməsin. Mən sadəcə, məsləhət verə bilərəm" - deyə Samirə xanım əlavə etdi.
Bəs, Səhiyyə nazirliyi tərəfindən USM -də cinsin deyilməməsinə və ya aborta qadağa qoyulmalıdırmı? sualına həkim birmənalı şəkildə "YOX!" dedi. "Çünki hər bir kəsin haqqıdır ki, övladının cinsini bilsin. Aborta da rəsmi qadağa qoyulsa, o zaman "kriminal" abortların sayı artacaq (yəni, qadın uşaqdan azad olmaq üçün ev şəraitində hər hansı dərman və s. vasitələrdən istifadə edərək, uşağını saldıracaq, bu da ki, ölüm hallarına da gətirib çıxara bilər", - deyə həkim bildirdi.
Sosioloq Rəşad Əsgərovun sözlərinə görə, son zamanlar Azərbaycanda oğlan uşaqların sayının artması ciddi problem deyil.
"Təbii fəlakətlər, texnogen qəzalar, yol-nəqliyyat hadisləri zamanı ,o cümlədən , müharibə şəraiti ilə əlaqədar daha çox kişilər dünyasını dəyişir. Bu isə say dinamikasında yenə də qadınların üstünlüyünə gətirib çıxarır”, - deyə sosioloq bildirdi.
Rəşad Əsgərov - Sosioloq
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə o qənaətdədir ki, statistikaya əsasən, hər 100 oğlana 105 qız düşür, bu da demokrafik partlayış demək deyil: "Lakin getdikcə, oğlan uşaqlarının sayı artarsa, bu problemin qarşısının alınması üçün tədbirlər görülməlidir. İlk növbədə, dölün cinsini müayinə etmək üşün ultrasəs müayinəsi aparılmasına qadağa qoyulmalıdır", - deyə Musa Quliyev bildirdi.
Musa Quliyev - Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini
Xarici təcrübəyə nəzər salsaq, görərik ki, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Çin, Misir, Əfqanıstan, İran, İraq, Yəmən kimi ölkələrdə abort qadağan olunmaqla daxili orqanlara qarşı cinayət sayılır. Belə ki, yalnız uşağın anadan olmasının ananın həyatına təhlükə törədəcəyi təqdirdə, aborta icazə verilir. Bəzi Avropa ölkələrində abort etdirmək üçün qadının istəyinin olması kifayət etdiyi halda, İngiltərə, Macarıstan, İslandiya, Lüksemburq və Finlandiyada aborta yalnız sosial və tibbi göstərişlər əsasında icazə verilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il dünyada 70 mindən artıq qadın məhz abort nəticəsində dünyasını dəyişir.
Azərbaycan Səhiyyə Nazirliyində də bu statistikada narahatdılar. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə qurum bu məsələyi ilə bağlı araşdırmalara başlayır, və yaxın zamanda ilki rəyini açıqlayacaq.
Görünən odur ki, bu vəziyyətin qarşısı təcili alınmasa, gələcəkdə cəmiyyətdə yarancaq problemləri həll etmək mümkün olmayacaq. Bir şeyi də unutmayaq ki, hər bir körpə öz ruzusunu gətirir. Fərq etməz oğlan və ya qız. Problemin aradan qaldırılması üçün, geniş maarifləndirmə işinin aparılmasına da ehtiyac var./anspress/