Bakı - Quba - Rusiya sərhədi yolunun 78-ci km də - Siyəzən rayonu ərazisində dəhşətli yol qəzası baş verib.
Məlumata görə, Bakıdan Quba istiqamətinə hərəkət edən “Şagman” markalı yük avtomobili ilə “Ford Tranzit” markalı yük avtomobili toqquşub. Nəticədə “Ford”un sürücüsü və sərnişini hadisə yerindəcə dünyasını dəyişib.
Qəzaya düşmüş “Ford Tranzit”
Qəzanın baş verdiyi yolun birtərəfli olması qəzanı qaçılmaz edib. Belə ki, Xaçmazdan Bakıya tərəvəz məhsulları aparan “Ford” tranzitin bütün yükü toqquşma nəticəsində tamamilə yola dağılıb, avtomobil özü isə olduqca yararsiz haıa düşüb.
Qəzadan sonra yol tamamilə bağlanıb və təmir maqsədi ilə hərəkət müvəqqəti qadağan edilmiş sağ hərəkət zolağı avtomobillərin üzünə açılıb. Hadisə yerində işləyən BDYP-i idarəsinin YP Xidməti Alayının əməkdaşı İbrahim Hacıbalayev hadisə zamanı avtomobillərin sürət həddini aşıb-aşmamasını araşdırıldığını bildirib: “Sürət ekspertizasından sonra müstəntiq dəqiqi bir şey deyə bilər. Yəni bu dəqiqə sürət həddini aşıb-aşmadığını deyə bilmərik”.
Qəzaya düşmüş “Şagman” markalı yük avtomobili
Qəza nəticəsində dünyasını dəyişən "Ford Tranzit"in sürücüsü, Neftçala rayon sakini, 34 yaşlı Nəsib Məmmədov və sərnişini - Tərtərin İlxıçılar kənd sakini, 25 yaşlı Fariz Həsənovun meyitləri müayinə olunmaq üçün Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə aparlıb.
Hadisə yerində müayinə aparan BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Vüsal Məmmədov qəzanın birtərəfli yolda intensiv hərəkət zamanı baş verdiyini bildirib. Onun sözlərinə görə, qəzanın tam baş vermə səbəbi Məhkəmə Yol Nəqliyyat Ekspertizasının verəcəyi rəydən sonra məlum olacaq.
Yerə tökülən tərəvəzlər /anspress/