Qazeta.info bildirir ki, Trend Azərbaycanda partiya sədrlərinin hansı avtomobildən istifadə etdiyini araşdırıb.
Araşdırma nəticəsində məlum olub ki:
Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov paralel olaraq Baş nazirin müavini vəzifəsində çalışdığı üçün dövlət tərəfindən ayrılan avtomobildə gəzir.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Toyota Camry” markalı avtomobildən istifadə edir. ADİP sədrinin sürdüyü maşının təxmini qiyməti 15 min manatdır.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Lexus 470” markalı avtomobildən istifadə edir. Nadir hallarda sükan arxasına keçən VHP sədrinin avtomobilini sürücüsü idarə edir.
Müsavat Partiyasının sədri Arif Hacılı tez-tez avtomobil dəyişir. Partiya sədrinin hazırda hansı markalı avtomobil sürdüyünü dəqiqləşdirmək mümkün olmadı.
AXCP sədri Əli Kərimli “Mazda” markalı avtomobildən itifadə edir. O, maşın sürə bilmədiyinə görə avtomobili sürücüsü idarə edir.
Ədalət Partiyasının sədri İlyas İsmayılov “Qaz-31” markalı avtomobildən istifadə edir. Digər həmkarları kimi, minik avtomobilini özü yox, sürücüsü idarə edir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev hazırda “Mercedes S-Class” markalı avtomobildə gəzir. Q.Həsənquliyev də bir neçə dəfə avtomobil dəyişib.
Ümid Partiyasının sədri İqbal Ağazadə də “Mercedes S-Class” avtomobilindən istifadə edir. Əksər hallarda maşını sürücüsü idarə etsə də, partiya sədri özü ara-sıra sükan arxasında gözə dəyir.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da “Mercedes” markalı minik maşınından istifadə edir. Əksər partiya liderlərindən fərqli olaraq, şəxsi avtomobilinin sükanı arxasına özü keçir.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının “BMW” markalı avtomobili olsa da, maşını o yox, illərdir bigə çalışdığı sürücüsü idarə edir.
Siyahıda diqqətçəkən məqamlardan biri Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun el arasında “Vilis” kimi tanıdığımız “UAZ” markalı avtomobil sürməsidir. KXCP sədri şəhərdə nadir hallarda gözə dəyən bu maşını nə az-nə çox, düz 15 ildir idarə edir.