Azərbaycanda oynayan futbolçu PSJ-dən ayrılmasının səbəbini açıqlayıb
21.11.2021 415 0.0 0

"PSJ-nin akademiyasına qoşulanda 12 yaşım var idi. Həmin vaxt əsas komanda Liqa 1-də qalmaq uğrunda mübarizə aparırdı. Daha sonra klubu qətərli iş adamı Nasser Əl-Xəlafi aldı və radikal dəyişikliklər etdi: heyət gücləndirildi, stadiona qulluq etmək üçün İngiltərədən mütəxəssislər gətirildi".

Məlumata görə, bu fikirləri "Səbail"in futbolçusu Nikolas Raysel Fransanın PSJ klubundakı karyerası barədə yerli mətbuata açıqlamasında deyib.

28 yaşlı hücumçu bildirib ki, Paris klubunda Zlatan İbrahimoviç, Devid Bekhem və Esekyel Lavessi kimi ulduz futbolçularla bir neçə dəfə məşq etmək imkanı olub: "Onlar hər kəsdən seçilirdilər. Futbola həm taktiki, həm də texniki cəhətdən tamamilə fərqli baxışları var idi".

Fransalı forvard PSJ-də qala bilməməsinin səbəbini də açıqlayıb: "Müqaviləmin bitməsinə iki il qalmış ciddi zədə aldım. Zədədən yaxşı qayıtsam da, başqalarından daha çox işləməli olduğumu bilirdim. Çünki mən heç vaxt akademiyanın böyük istedadı olmamışam. Məşqçilər yalnız ən yaxşıları seçdilər və mən onlardan biri deyildim".

Qeyd edək ki, 2011 - 2013-cü illərdə PSJ-nin ikinci komandasının formasını geyinən Nikolas Raysel 2020-ci ildən Azərbaycanda çıxış edir. Ölkəmizdəki ilk klubu "Qəbələ" olan təcrübəli hücumçu cari mövsümün əvvəlindən "Səbail"in şərəfini qoruyur./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar