Azərbaycanda nağd pul kütləsi azalır
07.11.2016 541 0.0 0

Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2016-cı il oktyabrın 1-nə 6 194 mln. manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, dövriyyədə olan nağd pul kütləsinin həcmi ardıcıl olaraq 6 aylıq artımdan sonra 2 aydır azalma göstərir. Belə ki, avqustda azalma 116,3 mln. manat və ya 1,8% təşkil edib. Sentyabrda isə keçən ayla müqayisədə azalma 132,1 mln. manat və ya 2,09% təşkil edib. İlin əvvəli ilə müqayisədə nağd pulun həcmi 777,2 mln. manat və ya 14,35% artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə isə dövriyyədə olan nağd pulların həcmi 144 mln. manat və ya 2,38% artım göstərib.

Qeyd edək ki, dövriyyədə olan nağd pulun Azərbaycanda maksimal həddi 2014-cü ilin iyulunda (11 144,4 mln. manat) qeydə alınıb. Bu il oktyabrın 1-nə açıqlanan göstərici tarixi maksimal həddən 4 950,4 mln. manat və ya 44,42% aşağıdır.

"Report"un analitik qrupu dövriyyədə olan nağd pul həcminin lisenziyası geri alınan kommersiya banklarında əmanətlərin geri qaytarılması nəticəsində gələn ay artacağını proqnozlaşdırır: "Sonrakı aylarda isə AMB-nin hazırkı iqtisadi konyunkturada valyutaya tələb yaradan və əlavə hesab etdiyi nağd pulun bir hissəsini bazardan absorbasiya etməsi və bununla yanaşı qiymətli kağızlar bazarında istiqraz satışları dövriyyədə olan nağd pul kütləsinin azalmasına təsir edəcək".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar