Mübahisələrin məhkəməyəqədər həllinin alternativ üsullarının təkmilləşdirilməsi üçün mediasiya haqqında qanunun qəbulu nəzərdən keçiriləcək. Qanunda mediasiyanın tətbiq dairəsi, məqsəd və prinsipləri, könüllülük və mediasiya tərəflərinin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların müstəqilliyi və qərəzsizliyi, mediasiya proseduruna müdaxilənin yolverilməzliyi və s. məsələlər əhatə olunacaq.
Məlumata görə, bu barədə "Azərbaycan kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunur.
Bildirilir ki, mediatorların fəaliyyətinin təşkili və əlaqələndirilməsi məqsədilə müvafiq dövlət qurumlarının iştirakı ilə Mediasiya Şurasının yaradılması nəzərdən keçiriləcək. Mediasiya Şurası müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi müsabiqənin nəticələri əsasında təyin edilən üzvlərdən ibarət olacaqdır. Şura haqqında əsasnamə hazırlanacaq, şuranın səlahiyyətləri müəyyənləşdiriləcək və fəaliyyəti təmin ediləcək. Nəticədə KOS subyektlərində mübahisələrin məhkəməyəqədər həlli göstəricilərinin 2020-ci ilə qədər 2 dəfə yaxşılaşdırılması hədəflənir. /Report/