Gədəbəydə intihar hadisəsi baş verib. Rayon prokurorunun köməkçisi Anar Nağıyevin verdiyi məlumata görə, hadisə Talakənd kəndində qeydə alınıb. Kənd sakini 1955-ci il təvəllüdlü Fəxrəddin Kamil oğlu Əliyev özünü kənd ərazisindən bir az aralı məsafədə yerləşən ərazidə asaraq intihar edib. Onun asılmış meyiti ailə üzvləri tərəfindən aşkar edilib.
Özünü asan 61 yaşlı kişi kənd məktəbinin direktoru olub.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Onun intihar səbəbləri barədə hələlik məlumat verilmir.
Ölkə ərazisində sonuncu belə fakt 3 gün əvvəl şimal bölgəsində qeydə alınıb. Qusarın Əniğ kənd sakini 41 yaşlı Elşad Bacan oğlu Şıxmətov yaşadığı evin həyətindəki ağacdan özünü asaraq intihar edib. Hadisə yerinə Qusarın polis və prokurorluq əməkdaşları gəlib və müayinələr aparıblar. 4 uşaq atasının öz həyatına hansı səbəbdən son qoyması hələ ki, məlum deyil. Mərhumun içkiyə meyilli olduğu bildirilirdi. /anspress/