Cari ilin 1 yanvar tarixinə olan statistikaya əsasən, Azərbaycan üzrə əmək pensiyaçılarının sayı 15 281 nəfər və ya 1,2% artaraq 1 315 227 nəfər təşkil edir.
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin verdiyi məlumata görə, keçən il əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2% artaraq 192,18 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 213,81 manata çatıb.
“Sosial müavinət və təqaüdlərin orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 10% artıb. Keçən il 483,5 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 57,8 min nəfərdən çox şəxsə Azərbaycan Prezidentinin aylıq təqaüdləri ödənilib. Bu məqsədlərə yönələn vəsaitin məbləği 2015-ci illə müqayisədə 35,2 mln. manat və ya 11,6% çox olub. Azərbaycan prezidentinin müvafiq fərmanlarına əsasən Azərbaycanın Milli Qəhrəmanları üçün Azərbaycan Prezidentinin təqaüdünün və Azərbaycan Prezidentinin fərdi təqaüdünün aylıq məbləği 2016-cı ilin 1 noyabr tarixindən artırılaraq 1000 manatdan 1 300 manata çatdırılıb”, - deyə E.Babayev vurğulayıb./apa/