Azərbaycanda koksaki virusunun olduğu təsdiqləndi
17.12.2019 531 0.0 0

Son vaxtlar Azərbaycanda əhali, xüsusilə uşaqlar arasında yeni bir xəstəlik yayılıb. Həkimlər bədəndə səpki, ishal, qusma simptomları ilə müşayiət olunan bu xəstəliyin koksaki virusu olduğunu bildirirlər.

Səhiyyə Nazirliyi açıqlamasında ölkədə bu virusun olduğunu təsdiqləyib.

Nazirlikdən bildirilib ki, Azərbaycanda koksaki virusuna yoluxma halları var. Artıq bəzi şəxslərə koksaki diaqnozu qoyulub.

Səhiyyə Nazirliyinin Baş infeksionisti Cəlal İsayev Trend-ə bildirib ki, bu xəstəliyin diaqnozu reaktivlərlə qoyulur.

Onun sözlərinə görə, bu xəstəliyə yoluxanlar həkim nəzarəti altında müalicə olunmalıdırlar. Onlar gün ərzində çoxlu maye qəbul etməli, qidalanma zamanı meyvə-tərəvəzdən istifadəyə üstünlük verməlidirlər:

"Koksaki virusuna yoluxan bəzi şəxslərdə mədə-bağırsaq pozğunluğu da olur. Bunu da qidalanma zamanı nəzərə almaq lazımdır. Onu da qeyd edim ki, adətən koksaki xəstəliyinə yoluxanlar, bunu yüngül keçirir, onun orqanizmdə elə bir fəsadı olmur. Amma xəstə özbaşına dərman qəbul etməməli, müalicəsini həkim nəzarəti altında aparmalıdır".

Qeyd edək ki, hüceyrədaxili parazit sayılan "koksaki" virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpki özünü göstərir. "Koksaki" virusu qrip virusu kimi insanlara daha çox hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar