Azərbaycanda işdən çıxarılanlara təzminat ödəniləcək
12.11.2015 820 0.0 0

Bakıda qaz idarələri ləğv edilir. 

Məlumata görə, “Azəriqaz” İstehsalat Birliyinin (İB) Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Sabunçu, Səbayel, Suraxanı və Yasamal rayon qaz istismar sahələri ləğv edilir. Artıq əmr imzalanıb.

Bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilarının rəhbəri Mirvari Qəhrəmanlı bildirib. O, baş verən bu struktur dəyişikliyini heç cür qəbul etmir: "Struktur dəyişikliyi etmək hər idarənin öz səlahiyyətindədir. Amma istər SOCAR, istərsə də onun strukturuna daxil olan İB, birdəfəlik struktur islahatları aparmırlar. 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ciddi struktur islahatlarına ehtiyac var. Amma bu yönümdə aparılan struktur islahatları ilə razı deyiləm. Buna da səbəb isə işsizlik probleminə görədir. Əmrlərdə struktur islahatları əsaslanıdırılmır. Bu islahatlar niyə aparılır?", - deyə Mirvari Qəhrəmanova qeyd etdi. 

 


Mirvari Qəhrəmanova - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilarının rəhbəri 

 

M.Qəhrəmanlı qeyd etdi ki, rayon qaz istismar sahələrinin hər birində təxminən 80-100 nəfər işçi çalışır. Buna görə də 1000-ə yaxın işçinin ixtisara düşəcəyi gözlənilir:

“Təşkilata daxil olan məlumata görə işçilərə noyabrın 16-da bildirişlər veriləcək. Bu işçilərin işlə təmin edilib-edilməyəcəyi isə bəlli deyil. Hazırda onlar təşvişdədir. İşçilərin arasında ixtisara düşənlər olacaq”.

 


İşçilərlə bağlı əmrlər


“Azəriqaz” İstehsalat Birliyinin mətbuat rəhbəri İbrahim Kərbalayev də məlumatı təsdiqlədi.

Qurumdan bildirildi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İB üzrə mövcud xərclərin optimallaşdırılması, idarəetmə mexanizminin təkmilləşdirilməsi və struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasının davamı olaraq, 10 noyabr tarixindən İB-in tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbayel, Suraxanı və Yasamal qaz istismarı sahələri yenidən təşkil edilərək, onların bazasında hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradılıb.

Bu məqsədlə artıq işçilərə Əmək Məcəlləsinə uyğun olaraq rəsmi xəbərdarlıq məktublarının paylanılmasına başlanılıb. Ləğv edilmiş Abşeron və Bakı şəhəri üzrə Qaz İstismarı Sahələrində çalışan işçilər haqqında məlumatlar, eyni zamanda yeni yaradılan departamentlərin ştat cədvəli SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinə (İRD) təqdim edilib.

Həmin işçilərin peşəkarlıq səviyyəsi müvafiq qanunvericiliyə əsasən şəffaf şəkildə İRD tərəfindən yoxlanılacaq, biliyinə və səriştəsinə uyğun ştat cədvəlində olan vakant yerlərdə işlə təmin ediləcəklər. Keçiriləcək imtahanların nəticəsinə görə əmək münasibətlərinin yeni yaradılan departamentdə davam etdirilməsi mümkün olmayan işçilər təhsil və ixtisaslarına uyğun olaraq İB-in İdarəetmə Aparatında və digər təşkilatlarında mövcud vakansiyalarda yerləşdiriləcək.

İşlə təmin olunmayan və ya təkliflə razılaşmayan (sərbəstləşən) işçilərə SOCAR və Azərbaycan Neft-Qaz Sənəyesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq əmr-qərarı ilə müəyyən edilmiş əmək haqqının 5 misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödəniləcək ki, bu müavinətdən vergi tutulmur. 

 

Test imtahanından və yeni strukturda yerləşdirmə prosesindən narazı olan vətəndaşların şikayətləri “Azəriqaz” İB və İRD tərəfindən operativ şəkildə araşdırılacaq və nəticə barədə vətəndaş məlumatlandırılacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar