2016-cı il ərzində Azərbaycanda 556 nəfərdə yeni İİV-ə yoluxma faktı təsdiqlənib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, onlardan 97,3% Azərbaycan vətəndaşı, 2,7% isə əcnəbidir. Qeydiyyata alınmış 541 Azərbaycan vətəndaşından 64,0% kişi, 36,0% qadındır.
Ümumilikdə 2016-cı ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5376 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,3% kişi, 27,7% qadındır. QİÇS mərhələsində olanlar 1312 nəfər təşkil edir.
Respublika QİÇS-lə mübarizə mərkəzi tərəfindən qeydiyyata götürülən vətəndaşların 48,7%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,4%-da heteroseksual, 1,9%-da isə homoseksual kontakt nəticəsində, 1,8%-da anadan uşağa keçməklə, 7,3% -də yoluxma yolu müəyyən edilməyib.
Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 2538 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 640 nəfərə müalicə 2016-cı il ərzində başlanılıb. Ölkədə İİV-in anadan uşağa ötürülməsinin qarşısını almaq üçün 241 hamilə ART-yə qoşulub.
Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 2016-cı il ərzində 145 388 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 105 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib, onlardan 44 nəfər yeni aşkar olunan şəxslərdir.
Qeyd olunub ki, İV/QİÇS problemi daima Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir.
ÜST və UNAİDS-in 2016-cı ilin məlumatına əsasən, İİV-lə mübarizədə qalibiyyət yalnız yeni yoluxma hallarının qarşısının alınması və antiretrovirus müalicəsinə əlçatanlığın genişləndirilməsi yolu ilə mümkündür. 2016-cı ilin iyun ayının sonuna dünyada İİV-lə yaşayan insanların sayı 36,7 mln nəfər təşkil edib ki, onlardan da 2,1 mln nəfəri son 1 ildə yoluxanlardır. İİV-lə yaşayan insanların 34,9 mln yaşlılar, 1,8 mln 15 yaşından kiçik olan şəxslərdir. Son 1 il ərzində dünyada QİÇS-dən ölənlərin sayı 1,1 mln nəfər olub ki, onlarında 110 mini uşaqlardır./APA/