Azərbaycanda əhali üçün su normaları təsdiqlənib
24.08.2015 642 0.0 0

Azərbaycanda əhalinin təsərrüfat-içməli ehtiyaclarının ödənilməsinə il ərzində xüsusi orta sutkalıq su tələbatı normaları müəyyənləşib.
 
Məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “Su təchizatı. Xarici şəbəkə və qurğular” barədə qərarına əsasən  daxili su təchizatı və kanalizasiya sistemləri, yerli su qızdırıcıları və vannası olan binalarda bir nəfər sakin üçün sutkada 160-230 litr (l/sut), daxili su təchizatı və kanalizasiya sistemləri, mərkəzləşdirilmiş isti su təchizatı olan binalarda bir nəfər sakin üçün 239-250 l/sut su nəzərdə tutulmalıdır.
 
Xüsusi su tələbatının göstərilən hədlərdə qəbul edilməsi rayonun iqlim şəraiti, su təchizatı mənbəyinin gücü və suyun keyfiyyəti, binaların abadlıq dərəcəsi, mərtəbələrin sayı və yerli şəraitdən asılı olaraq təyin edilməlidir. Küçə suayrıcı kolonkalardan su götürülən yaşayış rayonlarında bir nəfərə il ərzində xüsusi orta sutkalıq su tələbatı 30-50 l/sut qəbul edilməlidir.  Əhalini ərzaq məhsulları ilə təchiz edən sənaye müəssisələrinin su tələbatı, eləcə də qeydə alınmamış su sərfləri, müvafiq əsaslandırma olduqda yaşayış rayonunun sutkalıq təsərrüfat-içməli su ehtiyaclarını ödəmək üçün verilən su sərfləri cəminin 10-20%-i qədər qəbul edilməsinə yol verilir. Mərkəzləşdirilmiş isti su təchizatı sistemi olan rayonlarda (mikrorayonlarda) təsərrüfat-içməli məqsədlərə ümumi su sərfinin 40%-i və maksimal sərf olan saatda – bu sərfin 55% miqdarda isti su birbaşa istilik sistemindən götürülə bilər. Qarışıq tikililəri olan rayonlarda qeyd olunan binalarda yaşayan əhalinin sayı nəzərə alınmalıdır. Əhalisinin sayı 1 milyondan çox olan yaşayış rayonlarında xüsusi su tələbatı hər bir konkret halda əsaslandırıldıqdan və dövlət orqanları ilə razılaşdırıldıqdan sonra artırıla bilər. Yaşayış və ictimai binalarda təsərrüfat-içməli, yerli sənaye, küçə və yaşıllıqların suvarılmasına su sərfləri xüsusi su tələbatına daxildir. İqlimdən, digər yerli şəraitlərdən və abadlıq dərəcəsindən asılı olaraq xüsusi su tələbatını ± 10-20% dəyişmək olar. Rayonların su təsərrüfatı balansında yaşıllıqların və həyətyanı sahələrin suvarılmasını arx sistemlərindən həyata keçirmək üçün əlavə sərf nəzərdə tutmaq lazımdır. Sənayenin inkişafı haqqında məlumat olmadıqda yaşayış rayonunun təsərrüfat-içməli su kəmərindən qidalanan müəssisələr üçün əhalinin xüsusi su tələbatına əsasən təyin edilmiş miqdarın 25%-i qədər əlavə su götürülməsinə yol verilir.
 
Sənəddə qeyd olunur ki, obyektlərin su təchizatı sənaye sahələri və kənd təsərrüfatının inkişafı və yerləşməsinin təsdiq olunmuş sxemləri, məhsuldar qüvvələrin respublikanın regionları üzrə inkişafı və yerləşmə sxemləri, həmçinin su ehtiyatlarının mühafizəsi və kompleks səmərəli istifadə edilməsinin baş, hövzə və ərazi sxemləri, şəhər və kənd yaşayış məntəqələrinin həmçinin, sənaye qovşaqlarının baş planları əsasında layihələndirilməlidir. Obyektlərin su təchizatı layihələri mütləq su tələbatı və yaranmış tullantı sularının balansı təhlil edilərək bu obyektlərin kanalizasiya layihələri ilə paralel işlənməlidir. Təsərrüfat-içməli və birləşmiş istehsalat-içməli su kəmərlərinin layihələrində su təchizatı mənbələrinin, su kəməri qurğularının və magistral sudaşıyıcı boruların ətrafında sanitariya-mühafizə zonaları nəzərdə tutulmalıdır. Təsərrüfat-içməli məqsədləri üçün istifadə edilən su təmizləndikdə, nəql edildikdə və rezervuarlarda saxlanıldıqda insan sağlamlığına zərər verməyən, Dövlət sanitariya-epidemioloji xidmətin tələblərinə cavab verən reagentlərdən, korroziya əleyhinə örtüklərdən, həmçinin süzücü materiallardan istifadə edilməlidir. İstehsalat ehtiyaclarını ödəməyə verilən suyun keyfiyyəti texnoloji reqlamentin tələblərinə cavab verməli və istismar heyəti üçün əlverişli sanitariya-gigiyena şəraiti təmin etməlidir. Su təchizatı sistemləri layihələndirildikdə bu sahədə mövcud olan mütərəqqi texnoloji sxemlər, qurğu və avadanlıqlardan istifadə olunması, əmək tutumlu işlərin mexanikləşdirilməsi, texnoloji proseslərin avtomatlaşdırılması və kompüterlə idarə olunması nəzərdə tutulmalıdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar