“Azərbaycan seysmo-aktiv bölgədə yerləşir. İl ərzində Azərbaycanda və həmsərhəd ərazilərdə irili-xırdalı 9 mindən artıq yeraltı təkan qeydə alınır”.
Məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ötən il mərkəz 10 mindən artıq yeraltı təkan qeydə alıb. Onlardan 2 mindən çoxunun dünyada olan zəlzələlərin payına düşdüyünü deyən Q.Yetirmişli qeyd edib ki, qalan 8 minə yaxını Azərbaycan və həmsərhəd ərazilərdə olub. Baş direktor vurğulayıb ki, zəlzələlərin sayına baxmayaraq, Azərbaycanda baş verən zəlzələlər fon səviyyədə-zəif və orta gücdədir: “Yalnız ötən il İmişlidə baş verən zəlzələ nisbətən güclü olub. Lakin dərində baş verdiyi üçün fəsadlar törətməyib”.
Q.Yetirmişli qeyd edib ki, bu ilin əvvəlindən Azərbaycan və sərhəd zonalarında 1050-dən çox yeraltı təkan olub: “Zəif təkanlar olduğundan hiss edilməyib. Amma bu gün ölkədə elə bir bölgə yoxdur ki, orada zəlzələrin baş verməsi üçün güclü hazırlıq getsin. Ümumiyyətlə Azərbaycanda kotostrafik, güclü və təhlükəli zəlzələ gözlənilmir”.
Q. Yetirmişli əlavə edib ki, bu ildən başlayaraq Azərbaycanda seysmik rayonlaşdırma aparılacaq.Sseysmik rayonlaşdırılma Almaniya Yer Elmləri Mərkəzi ilə bu ildən ilkin olaraq, pilot layihə kimi Səbail rayonundan başlanacaq və seysmik aktivlik müəyyən ediləcək. Baş direktor bildirib ki, tədqiqatların aparılması üçün Almaniyadan da cihazlar gətiriləcək və aktivlik müəyyənləşəcək./apa/