Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasına (RTƏS) bu günədək adi qrip adı altında daxil olan nümunələr üzərində aparılan müayinələr nəticəsində “donuz qripi”nə şübhəli hal, “donuz qripi”nin törədici olan H1N1 virusu tapılmayıb.
Bunu Azərbaycan Səhiyyə Nazirliyi RTƏS-in laboratoriya müdiri Musa Cahanov deyib.
M.Cahanov bildirib ki, qrip xəstəliyinə yoluxan insanlardan götürülən nümunələr onların müraciət etdiyi tibb müəssisələri tərəfindən RTƏS-ya çatdırılır və burada müayinələr aparılır. Bu müayinələrin nəticəsi tibb müəssisələrinə təqdim edilir.
Laboratoriya müdirinin sözlərinə görə, “donuz qripi”nin (H1N1 virusu) əlamətləri adi qripin əlamətlərinə oxşayır: "Bu xəstəlik zamanı yüksək temperatur, öskürək, boğazda ağrı, əzginlik, baş ağrısı, titrəmə, bəzən isə ishal və qusma olur. Bu xəstəlik adətən, yüngül əlamətlərlə başlayır, amma xəstəliyin ağırlaşması da mümkündür".
M.Cahanov qeyd edib ki, “donuz qripi” yaşı 5-dək, xüsusilə 2-dək olan uşaqlarda, yaşı 65-dən yuxarı olan şəxslərdə, hamilə qadınlarda, bəzi xroniki xəstəliyi olan şəxslərdə ağır formada müşahidə edilə bilər.
Mütəxəssis əlavə edib ki, xəstəlik donuzlardan insana keçir. Lakin bəzi hallarda xəstəliyin hava-damçı yolu ilə insandan insana da keçmə ehtimalı da olur.
M.Cahanov deyib ki, xəstəliyin əlamətlərini ilk dəfə hiss edən şəxs ayrı otaqda, təcrid olunmuş şəkildə qalmağa, digər insanlarla təmasda olmamağa çalışmalıdır: "Xəstələrə qulluq edən şəxs tibbi maskalardan istifadə etməli, tez-tez əllərini sabunla yumalıdır. Xəstəliyin spesifik profilaktikası yoxdur, bu da virusun antigen xüsusiyyətlərindən irəli gəlir. Lakin fərdi gigiyena qaydalarına əməl etdikdə yoluxma ehtimalı azalır”.
M.Cahanov əlavə edib ki, “donuz qripi” nə yoluxmuş insanların tam sağalması mümkündür: “Xəstəliyin əlamətləri mövsümi qripin əlmətləri ilə müşahidə edilir. Xəstələr adi qripə yoluxan zaman istifadə etdikləri qrip əleyhinə preparatlardan istifadə etdikdə, qısa zaman ərzində sağalırlar. Xəstəlik bəzən elə yüngül formada keçir ki, xəstə evdə müəyyən dərman vasitələrindən istifadə etmədikdə belə sağala bilir”.
Ancaq bununla belə, M.Cahanov xəstəliyin əlamətləri müşahidə edildikdə, ilk növbədə həkimlə məsləhətləşərək onun təyinatına əsasən, dərman qəbul edilməsini zəruri sayır.
Qeyd edək ki, son 3 həftədə İranda "donuz qripi"ndən 40 nəfər ölüb. Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) İranda "donuz qripi"nin aşkarlanması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Komitənin məlumatına görə, "donuz qripi"nə yoluxmuş insanların sərhədi keçməsi halları qeydə alınmayıb./trend/