Azərbaycan istehsalı olan ət və süd məhsulları Rusiyaya ixrac
olunacaq
Qazeta.info İSN-nin məlumatına əsasən bildirir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının 16 aprel 2015-ci il tarixində Bakıda görüşü keçirilmiş, Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiya Federasiyasına ixracı ilə bağlı müzakirələr aparılmışdır.
Razılaşmaya əsasən, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşları Azərbaycana səfər etmiş və sahibkarlıq subyektlərinə baxış keçirərək qiymətləndirmə aparmışlar. Artıq ət və süd məhsulları istehsal edən 7 Azərbaycan müəssisəsi Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən reyestrə daxil edilmişdir. Bu isə həmin müəssisələrə istehsal etdikləri məhsulları Rusiya Federasiyasına ixrac etmək imkanı yaradır.
Digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir.