Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişiklik edib.
Məlumata görə, dəyişiklik kapitalın adekvatlıq əmsallarına dair tələblər və onların hesablanması ilə bağlıdır.
Qaydaya əsasən, bank məcmu kapitalın adekvatlıq əmsalını 12%-dən və I dərəcəli kapitalın adekvatlıq əmsalını 6%-dən az olmayan səviyyədə saxlamalıdır. Məcmu kapitalın, risk dərəcəsi üzrə ölçülmüş aktivlərin və kapitalın adekvatlıq əmsallarının hesablanması “Məcmu kapital = I dərəcəli kapital - I dərəcəli kapitaldan “tutulmalar” + II dərəcəli kapital - məcmu kapitaldan “tutulmalar” düsturu ilə hesablanır. İndiyə qədər I dərəcəli kapitalın adekvatlıq əmsalı “I dərəcəli kapital - I dərəcəli kapitaldan “tutulmalar” X 100% risk dərəcəsi üzrə ölçülmüş aktivlər” sayılıb.
Dəyişikliyə əsasən, bundan sonra I dərəcəli kapitalın adekvatlıq əmsalı I dərəcəli kapital - I dərəcəli kapitaldan “tutulmalar” - aidiyyəti şəxslərə verilmiş kreditlər X 100% aidiyyəti şəxslərə verilmiş kreditlər istisna olmaqla risk dərəcəsi üzrə ölçülmüş aktivlər” sayılacaq.
Məcmu kapitalın adekvatlıq əmsalı da dəyişib. Əgər indiyə qədər məcmu kapitalın adekvatlıq əmsalı “məcmu kapital X 100% risk dərəcəsi üzrə ölçülmüş aktivlər” sayılıbsa, bundan sonra məcmu kapitalın adekvatlıq əmsalı “məcmu kapital - aidiyyəti şəxslərə verilmiş kreditlər X 100% aidiyyəti şəxslərə verilmiş kreditlər istisna olmaqla risk dərəcəsi üzrə ölçülmüş aktivlər” sayılacaq.
İndiyə qədər banka aidiyyəti olan şəxslərə və banka aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərə (aidiyyəti şəxslər) verilmiş kreditlər məcmu kapitalın adekvatlıq əmsalının hesablanmasında 01.06.2015-ci il tarixindən sonra aidiyyəti şəxslərə yeni verilmiş və ya restrukturizasiya olunmuş kreditlərin 100%-i, 01.06.2015-ci il tarixindən 01.06.2016-cı il tarixinədək - 01.06.2015-ci il tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 20%-i, 01.02.2016-ci il tarixindən 01.06.2017-ci il tarixinədək – 01.06.2015-ci il tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 40%-i, 01.06.2017-ci il tarixindən 01.06.2018-cu il tarixinədək – 01.06.2015-ci il tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 60%-i, 01.06.2018-ci il tarixindən 01.06.2019-cu il tarixinədək – 01.06.2015-ci il tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 80%-i, 01.06.2019-cu il tarixindən başlayaraq –aidiyyəti şəxslərə verilmiş kreditlərin 100%-i məbləğində olmaqla nəzərə alınıb.
Dəyişikliyə əsasən bundan sonra aidiyyəti olan şəxslərə və banka aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərə (aidiyyəti şəxslər) verilmiş kreditlər məcmu kapitalın adekvatlıq əmsalı ilə bərabər I dərəcəli kapitalın adekvatlıq əmsallarının hesablanmasında da nəzərə alınacaq. Bununla bağlı müddətlər də dəyişib. Başqa sözlə, bundan sonra banka aidiyyəti olan şəxslərə və banka aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərə (aidiyyəti şəxslər) verilmiş kreditlər məcmu kapitalın və I dərəcəli kapitalın adekvatlıq əmsallarının hesablanmasında 01.06.2015-ci il tarixindən sonra aidiyyəti şəxslərə yeni verilmiş və ya restrukturizasiya olunmuş kreditlərin 100%-i, 01.02.2016-cı il tarixindən 01.02.2017-ci il tarixinədək – 01.06.2015-ci il tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 20%-i, 01.02.2017-ci il tarixindən 01.06.2018-ci il tarixinədək – 01.06.2015-ci il tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 40%-i, 01.06.2018-ci il tarixindən 01.06.2019-cu il tarixinədək – 01.06.2015-ci il tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 60%-i, 01.06.2019-cu il tarixindən 01.06.2020-ci il tarixinədək – 01.06.2015-ci il tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 80%-i, 01.06.2020-ci il tarixindən başlayaraq –aidiyyəti şəxslərə verilmiş kreditlərin 100%-i olmaqla nəzərə alınacaq.