Azərbaycanda bütün bələdiyyələr 8 rəqəmli kodla kodlaşdırılıb.
Məlumata görə, bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi “Bələdiyyələrin statistik ərazi təsnifatı” dövlət standartında əksini tapıb. Bələdiyyələrin statistik ərazi təsnifatında hər bir bələdiyyənin adı və həmin bələdiyyənin əhatə etdiyi ərazi vahidlərinin, onların müvafiq kodlarının siyahısı verilib. Təsnifat iki hissədən – kod və ad hissəsindən ibarətdir. Ad hissəsi isə mövcud bələdiyyənin adı və ona daxil olan ərazi vahidlərinin siyahısını özündə əks etdirir.
Kod hissəsi 8 rəqəmli kodlardan təşkil olunub. Kodun birinci işarəsi şərti regionların kodudur. Məsələn, 8 rəqəmli kodun birinci işarəsində Bakı 0, Naxçıvan Muxtar Respublikası 1, Gəncə şəhəri 2, qalan ərazilər 3-9 rəqəmləri ilə ifadə olunur. Ümumilikdə 8 rəqəmli kodda I səviyyə şərti regionlar adlanır. Bu səviyyəyə Naxçıvan Muxtar Respublikası, rayon bölgüsü olan Bakı və Gəncə şəhərləri, “Qalan ərazi” (şərti anlayışdır) daxildir. II səviyyəyə rayon bölgüsü olmayan respublika əhəmiyyətli şəhərlər (Bakı və Gəncə şəhərləri istisna olmaqla), rayonlar, şəhərdaxili rayonlar, II səviyyəyə rayon əhəmiyyətli şəhərlər, inzibati ərazi dairələri və rayon mərkəzləri olan qəsəbələr, IV səviyyəyə qəsəbə və kəndlər daxildir. Kodun ikinci və üçüncü işarələri ikinci səviyyə, dördüncü və beşinci işarələri üçüncü səviyyə, altıncı və yeddinci işarələri isə dördüncü səviyyə obyektlərinin kodunu əks etdirir. Kodun səkkizinci işarəsi - keyfiyyət kodudur, yəni təsnifat obyektinin statusunu göstərir. Məsələn, 40923007 – Ağsu rayonu Muradlı bələdiyyəsinin kodudur. Burada I səviyyə (4) şərti region kodunu, II səviyyə (09) Ağsu rayonunun regiondaxili kodunu, III səviyyə (23) Muradlı inzibati ərazi dairəsinin rayondaxili kodunu, IV səviyyə (00) Muradlı bələdiyyəsinin inzibati ərazi dairəsindəki daxili kodunu, keyfiyyət kodu (7) səkkiz rəqəmli kodun rayona, şəhərə və ya kəndə deyil, məhz bələdiyyəyə mənsub olduğunu göstərir./apa/