Azərbaycanda boşanmaların sayında artım müşahidə olunur.
Məlumata görə, Dövlət Statistika Komitəsinin açıqlamasında, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 7,5 min boşanma halı qeydə alınıb ki, bu da hər 1000 nəfərə 1,4 boşanma deməkdir.
Son 3-4 ilin rəqəmlərinə baxanda görürük ki, boşanmaların sayında artım müşahidə olunur. 2012-ci ildə hər 1000 nəfərə 1,2 boşanma düşürdüsə, 2013-2014-cü illərdə bu rəqəm 1,3 təşkil edib.
Mənbə: Dövlət Statistika Komitəsi
Bu gün əksər gənclərin məcburiyyət olmadan nikah bağlamalarına baxmayaraq, ailə səadətinə nadir hallarda rast gəlinir. Bəs, boşanmaların ifrat həddə çatmasına real səbəb nədir? Niyə seçdiyimiz insanla sevinərək ailə qurur və bədbəxt olub boşanırıq?
Problemin səbəblərini ailələrdə uşaqların sayının az və ya heç olmamasında görən psixoloq Narınc Rüstəmova deyir ki, bu gün hamı bir və ya iki uşaqla kifayətlənir: "Bir uşağı olan ana və ya ata bütün sevgisini ona həsr edir, həyat yoldaşına olan münasibətinə isə o qədər də önəm vermir. Bu da münasibətlərin soyumasına gətirib çıxarır."
Nigaha girməzdən əvvəl istər qız, istərsə də, oğlanların psixoloji cəhətdən hazır olmadıqlarını qeyd edən psixoloq tibbi arayışla birgə, psixoloji arayışın da nigah öncə təqdim edilməsini məsləhət görür. Onun fikrincə, əsas məsələ ailə quran gənclərin şəxsiyyəti və xaraketindədir. Şəxsiyyət kimi formalaşan, mənəviyyata, əxlaqa sahib olan insanla yaşamaq gözəldir və belə insanla münasibətlər də düzgün qurulur. Lakin natamam adamla, şəxsiyyəti formalaşmayan biri ilə ən gözəl münasibətlər belə ən iyrənc hala çevrilir. Ailə qurana kimi heç kim heç kimi tanıya bilmir. Əsas odur ki, valideynlər övladlarına düzgün tərbiyə verməli, onları düzgün böyütməlidirlər.
Narınc Rüstəmova - psixoloq
Ümumiyyətlə, bu gün boşanmaların sayının artmasına bir sıra səbəblər göstərmək olar:
Məsuliyyətsizlik - qızlar evdə qalmaq qorxusu altında və kor-koranə kiminlə gəldi ailə qururlar. Sabah qarşı tərəfdən nalayiq və öz dünyagörüşünə uyğun olmayan hərəkətlər gördükdə vəziyyət gərginləşir və getdikcə ailənin dağılmasına səbəb olur.
Sosial vəziyyət - ailə qurarkən maddi tərəfi fikirləşirlər. Sonradan qarşı tərəfdən yetərli münasibət görməyəndə, yaxud ər müflis olanda və maddi vəziyyəti zəifləyəndə qızların anlayış göstərməməsi və müvəqqəti çətinliyə səbir etməməsi səbəbindən ailə dağılır.
Valideyn müdaxiləsi - oğlan anasının qısqanclığı, qız anasının isə ailəyə tez-tez müdaxiləsi sonda iki gənc arasında valideyn üstündə mübahisəyə gətirir.
Hüquq bərabərliyinin pozulması - kişinin arvadına yuxarıdan aşağı baxması, onu xanım kimi deyil, nökər kimi görməsi və bu baxımdan hörmət qoymaması.
Erkən nigah - qızların yaşının az olması, kifayət qədər ev işlərini bacarmaması, oğlanların yaşının az olması, ailə dəyərlərini anlamaması da ailə dağılmasının səbəblərindəndir.
Sosial şəbəkələr - fikri sosial şəbəkələrdə qalan qadın ərinə qulluq etmək əvəzinə, internetdə kiminləsə yazışır və ya kişi qadınına vaxt ayırmır, bütün günü virtual aləmdə gününü keçirir ki, bu da münasibətlərdə soyuqluq yaradır.
Sonsuzluq və ya uşağa gec sahib olma - əsas ailə dağıdan amillərdəndir. Belə ki, gəlinə hər dəfə bu bəhanə ilə söz atanda, sonda o da tab gətirməyib, ata evinə qayıtmalı olur.
Uşaq üstündə mübahisə - uşağa tərbiyədə ayrı-seçkilik edəndə. Ata tərbiyəni öz üzərinə, ana isə öz üzərinə götürür. Sonda mübahisə böyürür. Bu zaman hər üç tərəf əziyyət çəkir.
Xəyanət - kişinin gözünün hər zaman kənarda qalması. Burada bəzi hallarda qadınların da günahı olur. Özlərinə "evdəyəm də" fikri ilə baxımsız görünürlər.
Hər halda, səbəb nə olur olsun, ailəni dağıtmayın! Unutmayın ki, hər bir ailə kiçik bir dövlətdir. Dövləti qurmaq asandır, onun qoruyub saxlamaq, inkişaf etdirmək, daim kənar müdaxilələrdən qorumaq və ömrünün uzun olmasına nail olmaq isə çətindir. Çalışın ki, sizin qurduğunuz kiçik dövlət, öz gücü ilə hər kəsə nümunə olsun!/anspress/