Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatı keçirilib. Apasport.az saytının məlumatına görə, Estoniyanın Juro şəhərində təşkil olunan yarış Azərbaycanın 18 yaşadək voleybolçu oğlanlardan ibarət komandası üçün fiasko ilə nəticələnib.
Yığmamız qrupda keçirdiyi oyunlarda hansısa setdə 15 xal belə toplaya bilməyib. Komandamız ilk turda ev sahibləri ilə matçda ən yaxşı halda hissəni 14 topla bitirib – 0:3 (14:25, 11:25; 14:25).
İkinci qarşılaşma da voleybolçularımız üçün uğurlu alınmayıb. Polşa ilə qarşılaşan təmsilçimiz bu dəfə ikinci setdə cəmi 6 xal yığıb – 0:3 (10:25, 6:25, 14:25).
Qrup mərhələsinin son matçında da millimiz darmadağından qaça bilməyib. Ukrayna yığması da komandamıza voleybolun necə oynanıldığını göstərib – 3:0 (25:14, 25:9, 25:13).
Qrup mərhələsini sonuncu mərhələdə bitirən yığmamız digər qrupunun axırıncısı olmuş Gürcüstanla da üz-üzə gəlib. Təəssüf ki, komandamız yenə məğlubiyyətdən qaça bilməyib – 2:3 (18:25, 25:19, 25:19, 21:25, 13:15).
Beləliklə, Azərbaycan 8 ölkənin qatıldığı çempionatdan Vətənə sonuncu kimi dönür.
Qeyd edək ki, çempion adına Polşa layiq görülüb. Onlar finalda Rusiyanı məğlub ediblər (3:1).