Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir
27.04.2016 681 0.0 0

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində çalışırlar. Məlumata görə, bu barədə RİA “Novosti” agentliyi xəbər verib. 
Bu barədə ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andrie məlumat verib.

"Biz hər iki ölkənin prezidentləriylə görüşdük  və indi biz prezidentlərin görüşünü təşkil etməyə çalışırıq", - deyə Pyer Andrie qeyd edib.

Hazırda həmsədrlərdə regiona səfər haqqında konkret plan yoxdur. Andrie danışıqlar prosesinə mümkün qədər tez başlamaq ehtiyacının olduğunu vurğulayıb.  

 

            

            ATƏT-in Minsk qrupu

Daha əvvəl prezidentlərin görüşü haqqında Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan danışıb. “Erməni tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə yüksək səviyyədə görüşün mümkünlüyünü və vaxtını ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirə etməyib” - deyə Akopyan bildirib.

Vladimir Akopyan Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə görüşün təşkil edilməsi təşəbbüsü ilə bağlı məlumatı təkzib etməyib.

 

         

Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşü (19.12.2015)

Prezidentlərin sonuncu görüşü Berndə olub. Bern görüşü ötən ilin dekabr ayının 19-da baş tutub. O zaman İlham Əliyev ilə Serj Sarkisyan arasında görüş bir saata yaxın davam edib. Azərbaycan və Ermənistan prezidentləri Minsk qrupu formatına sadiqliklərini təsdiq ediblər. Bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda yer alıb. "Prezidentlər nizamlama danışıqlarının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərini təsdiq ediblər".

Bundan öncəki görüş isə 2014-cü il oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutmuşdu. Olland, Əliyev və Sarkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər. Paris görüşü Azərbaycan və Emənistan prezidentlərinin 2014-cü ildə üçüncü görüşü olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar