"Minchenko Consulting" şirkətinin mütəxəssisləri "Cənubi Qafqaz regionunda siyasi risklərin qiymətləndirilməsi" adlı hesabat hazırlayıblar.
Məlumata görə, həmin hesabatda Qafqazdakı ölkələrin stabilliyi qiymətləndirilib. Bildirilib ki, Qafqaz regionu üçün ən böyük təhlükələrdən biri iqtisadi qeyri-stabillikdir. "Bu qeyri-stabilliyin yaradılmasında Rusiya və İŞİD-in də rolu var." Hesabatda ən stabil ölkə olaraq Azərbaycan, stabilliyi ən zəif olan ölkə kimi isə Ermənistan göstərilib.
"Ukraynadakı münaqişə və Rusiyanın Qərblə qarşıdurması Cənubi Qafqaz da daxil olmaqla bütün postsovet məkanında vəziyyətin gərginləşməsinə səbəb olub", - deyilən hesabatda Cənubi Qafqazın Rusiya üçün xüsusilə əhəmiyyətli olduğu xatırlanıb.
Rusiya-Ukrayna hərbi münqaişəsinin nəticəsi
Həmçinin bildirilib ki, regionda Avropa və Avrasiyaya inteqrasiyaya aid layihələr arasında rəqabət də güclənib. Müəlliflərin fikrincə, Qafqaz şəraitində inteqrasiyaya aid istənilən layihənin reallaşadırılması zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır. Mütəxəssislər Qafqazda SSRİ dağılandan sonra 6 silahlı münaqişənin baş verdiyini, bir neçə tanınmamış və ya qismən tanınmış respublikaların yaradıldığını xatırladıblar.
Hesabatda Qafqaz ölkələri üçün təhlükə yarada biləcək şərtlər də açıqlanıb. Bildirilir ki, Qarabağ münaqişəsi ərazisində və Azərbaycan-Ermənistan arasındakı təmas xəttində gərginliyin artması, Gürcüstanın avroatlantik meylinin güclənməsi, Yaxın Şərqdə İŞİD terrorçu qruplaşmasının mövqelərinin möhkəmlənməsi, radikal əhval-ruhiyyənin və terrorçu metodların Qafqaza ötürülməsinə cəhd edilməsi Qafqaz ölkələri üçün yeni təhlükələrdir.
Region ölkələrinin makroiqtisadi vəziyyətinin də təzyiq altında olduğu bildirilir: ölkələrdə pulun hiss edilən həcmdə devalvasiyası xaricdən pul köçürmələrinin azalması və investisiya sahəsində azalma fonunda baş verir.
Hesabatda Cənubi Qafqaz regionu ölkələrinin sosial və daxili siyasi problemləri haqqında məlumat verilib. Ermənistanda kütləvi etirazlar və yayda başlayan konstitusiya islahatları ölkənin stabilliyinə təhlükə yaradan əsas amillər olaraq göstərilib. Bundan başqa, qeyd edilib ki, ölkənin siyasi və iqtisadi cəhətdən təcrid edilməsi, Qarabağ münaqişəsinin həllinin uzanması da ölkənin stabilliyini təhlükədə qoyur.
Ermənistanda rusiyalı hərbçinin bir erməni ailəsini qətlə yetirməsinə görə keçirilən etiraz aksiyası
Gürcüstanda isə ağır iqtisadi vəziyyətin hökm sürdüyü bir vaxtda müxalif "Vahid milli hərəkat"ın fəallaşması qonşu ölkənin inkişafına və möhkəmlənməsinə mane olur.
Qafqaz ölkələri içərisində ən stabil ölkə olaraq qiymətləndirilən Azərbaycanda əsas təhlükə kimi "sistemsiz islamçı müxalifətin" fəallaşması göstərilir. Türkiyə və İranda isə ölkələrin siyasi gələcəyinin qeyri-müəyyən olduğu bildirilir.
Sonda Rusyanın regionda stabilliyin qorunmasında maraqlı olduğu bildirilsə də, ölkənin Qərblə münasibətlərini yenidən nəzərdən keçirməyə hazır olmadığı qeyd edilir./anspress/