Rusiya ilə Türkiyənin "Su-24" insidentindən sonra 2 ölkə arasında, demək olar ki, bütün sahələrdə münasibətlər gərginləşib.
Məlumata görə, Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edib, vizasız rejimi dayandırıb, Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulub.
İnsident dən sonra Rusiya ən güclü silahlarından biri hesab edilən S-400 raket kompleksini Suriyaya yerləşdirdi. Ümumiyyətlə son zamanlar isə Rusiyada əsas müzakirə mövzusu ölkənin Yaxın Şərqə silah-sursat çatdırması məsələsidir.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da bu haqda danışaraq bildirib ki, Rusiyadan Suriya ordusuna yardım etmək üçün genişmiqyaslı kanal - quru yolu olmalıdır.
Dmitri Peskov - Vladimir Putinin mətbuat katibi
Rusiyalı politoloqlar Yaxın Şərqdə hərbi əməliyyatların uzanacağını, Türkiyə ilə toqquşmaların belə ola biləcəyini istisna etmirlər. Bu səbəbdən Rusiyadan Yaxın Şərqə silah-sursat, texniki, hərbi və mülki yüklərin çatdırılması üçün genişmiqyaslı quru yolunun olmasının vacibliyi vurğulanır.
Bu cəhətdən ən optimal variant olaraq ruslar Xəzər-Qafqaz regionundan və İrandan keçən yolları qeyd edirlər.
İlk variant olaraq Olya və Mahaçkala limanları vasitəsilə İranla əlaqə nəzərdən keçirilir. Lakin bu dəhlizin əsas çatışmayan cəhəti yola sərf edilən vaxt və yüklərin 2 dəfə boşaldılmasına ehtiyacdır. Bu da yükdaşımanın əhəmiyyətli dərəcədə baha başa gəlməsinə səbəb olur.
Rusiya ilə İran arasında quru yolu olaraq isə Qafqaz ətrafı ərazilərdən keçən avtomobil yoludur. Burada da iki dəhliz mövcuddur. Bunlardan biri Xəzər sahili boyu Dağıstan və Azərbaycandan keçməklə İrana gedən avtomobil yoludur.
İkinci dəhliz isə yüklərin Gürcüstanda Şimali Osetiyadan və Ermənistan keçməklə İrana çatdırılmasına imkan verir.
Daha bir variant olaraq isə dəmir yolu nəqliyyatı nəzərdən keçirilir. Rusiya və İranı Azərbaycandan keçməklə birləşdirən bu yolun inşası haqqında razılığa 2005-ci ildən gəlinib. Yol 2013-cü ilədək təhvil verilməli olsa da, bu müddət uzanıb. 2016-cı ilədək bu dəmiryolunun inşasının tam başa çatacağı gözlənilir.
Rusiya ilə İran arasında mümkün yükdaşıma yolları
Beləliklə, əgər Rusiya və İran bu mövzuda - dəmir yolu məsələsində razılığa gələrsə, bu, Azərbaycan üçün də əlverişli olacaq. Bunun sayəsində siyasi vəziyyətin kifayət qədər gərgin olduğu bir regionda hər üç ölkə yolun təhlükəsizliyinin təmin edilməsində maraqlı olacaq. Bu eyni zamanda Azərbaycanın Rusiya və İran kimi region ölkələri ilə iqtisadi və siyasi sahədə əməkdaşlığına müsbət təsir edə bilər.
Rusiyanın alternativ variantlar axtarmasına səbəb Suriyada apardığı hərbi əməliyyatlardır. Sentyabrın 30-dan etibarən hava zərbələri ilə başalanan hərbi əməliyyatlar Qərbin mənafeyilə ziddiyyət təşkil edir; Qərb Suriya müxalifətini dəstəklədiyi halda Rusiya Bəşər Əsədin hakimiyyətini müdafiə edir və bildirir ki, Suriyadakı əməliyyatlar ölkə müxalifətinə qarşı deyil, buradakı İŞİD terrorçularına qarşı yönəlib./anspress/