“Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmağı istisna edilmir.”
Məlumata görə, "Sputnik" agentliyinə müsahibəsi zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib: “Heç zaman heç zaman demə”,- Azərbaycan XİN rəhbəri bildirib. Onun sözlərinə görə, ölkəsi Avrasiya bloku ölkələri ilə çoxsaylı ikitərəfli münasibətlərin qurulmasına diqqət yönəldir.
29 may 2014-cü il tarixində Belarus , Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələr bir-birinin xarici ticarətlə bağlı qərarlarını kordinasiya edə bilirlər. Müəyyən müddətdən sonra isə ölkələr arasında ticarət və gömrük rüsumları sıfıra etdirilir, yəni iqtisadi baxımdan müəyyən faydaları var.
Aİİ ölkələrin xəritəsi (182.1 milyon əhalisi olan ölkələrin ərazisi planetin 14%-ni təşkil edir)
Azərbaycanın 20 ildən çoxdur ki, müharibə şəraitində yaşadığı Ermənistan da Avrasiya İqtisadi Birliyi ilə 9 oktyabr 2014-cü ildə təşkilata üzvülük barədə müqavilə imzalayıb. İşğalçı dövlətlə eyni bir iqtisadi birlikdə olmaq istər-istəməz əməkdaşlıq mühitinin yaranması deməkdir. Dünyada indiyə qədər iki düşmən dövlətin eyni iqtisadi birliyə daxil olması təcrübəsinə rast gəlinməyib.
Politoloq Qalib Hüseynli bildirdi ki, Azərbaycanın bu ittifaqa daxil olması yalnız Rusiyanın bizim şərtlərimizi qəbul edəcəyi təqdirdə mümkün ola bilər. “Bu şərtlərə isə ilk növbədə Ermənistan tərəfindən işğal olunan yeddi rayonun qaytarılması, daha sonra Dağlıq Qarabağın statusu məsələsində Azərbaycanın mövqeyinə yaxın mövqe nümayiş etdirilməsi daxildir. Yalnız bunlar icra olunarsa, Azərbaycan Avrasiya İttifaqına daxil ola bilər”,- deyə politoloq vurğulayıb.
Qalib Hüseynli - politoloq
Qalib Hüseynli qeyd etdi ki, başqa bir şərt daxilində Azərbaycanın müstəqiliyini müəyyən qədər məhdudlaşdıra biləcək və həm də gələcəyi müəyyən qədər şüphəli olan birliyə daxil olması mümkün deyil.
Məlumdur ki, bu iqtisadi birlik digər bir tərəfdən faktiki olaraq Qərb və Birləşmiş Ştatların keçmiş post-sovet ölkələri üzərində nəzarətini azaltmaq üçün yaradılıb. Qərbin narahatlığını hələ Amerikanın dövlət katibi olarkən Hillari Klinton ifadə etmişdi. O, bu narahatlığını 2012-ci ildə Dublində jurnalistlərə müsahibə verərkən bildirmişdi. “Bölgənin yenidən sovetləşdirilməsi tendensiyası müşahidə edilir. Əlbəttə, bu fərqli bir ad daşıyacaq. Onu Gömrük ittifaqı, Avrasiya ittifaqı adlandıracaqlar və eyni ruhda fəaliyyətini davam etdirəcək. Lakin gəlin özümüzü aldatmayaq. Biz bilirik bu prosesin məqsədi nədir və biz çalışırıq ki, onu yavaşıltmaq və qarşısını almaq üçün yollar tapaq,”-deyə Klinton bildirmişdi.
Klinonun da narahatlığına əsaslar var. Çünki Rusiya ittifaqın əsas fiqurlarındandır. Rusiya təşkilatı qurarkən yalnız Gürcüstan və Moldavaya təklif göndərməyib. Ukraynada keçmiş hökümətlə müzakirələr aparılsa da, indi dayandırılıb. Amma hazırda Azərbaycanla Rusiya arasında münasibətlar çox yüksək səviyyədə inkişaf edir. Belə bir məqamda Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olması məsələsi gündəmə gəlir.
İqtisadi Birliyə daxil olan ölkələrin dövlət başçıları
Qabil Hüseynli hazırki vəziyyətdə bizim başqa çıxış yolumuzun olmadığını bildirir: ”Qərbin özü bizi Rusiyaya tərəf itələyirsə, Qarabağ probleminin həllində konkret mövqe nümayiş etdirmirsə, Azərbacan onun mənafeyinə uyğun olacaq tərəfə istiqamətlənəcək”. Politoloq Azərbaycanın Avasiya İqtisadi Birliyinə qoşulacağı təqdirdə də Qərblə əlaqələrini yüksək səviyyədə saxlayacağını bildirir.
İqtisadçı Vüqar Bayramov Azərbaycanın ittifaqa daxil olmaqla iqtisadi mənfətlər də əldə edə biləcəyini vurğulayır: “Hazırda Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempi 6%-dir. Ölkəmiz xarici ticarətinin əsas hissəsini bu ittifaqa daxil olan ölkələrlə həyata keçirir. Ona görə də, Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olduqdan sonra iqtisadi artımı 7,7 %-ə yüksələ bilər. Çünki qeyri-neft sektorunda istehsal olunan məhsulların əksər hissəsi Rusiya və MDB məkanına daxil olan ölkələrə ixrac edilir".
Vüqar Bayramov - iqtisadçı
İqtisadçı bildirdi ki, Azəbaycan İttifaqa daxil olduqda onun istehsal etdiyi məhsullar asanlıqla bu bazarda hərəkət edə biləcək. Bu da Azərbaycanın gəlirlərinin artmasına səbəb olacaq. Amma Vüqar Bayramov Azərbaycanın İqtisadi Birliyə Britaniya modeli əsasında daxil olmasının vacibliyini vurğulayır: “Bu modeldə üzv ölkələr müəyyən istiqamətlər üzrə iqtisadi suverenliyini qoruya bilir. Britaniya modelinin tətbiq edildiyi ölkələrdə enerji məsələləri ilə bağlı qərarlar müstəqil formada qəbul edilir." İqtisadçı Aİİ-yə girməyin Azərbaycanın həyata keçirdiyi layihələrin gələcəyi üçün də heç bir təhlükənin yaranmadığını bildirir.
Azərbaycan Aİİ-yə daxil olmaqla Dağlıq Qarabağ münaqişəsinin həllində uğura nail olacaqsa, bu məsələdə istənilən itki ilə razılaşmağa dəyər. Məsələn, Aİİ ilə müqavilədən sonra Azərbaycan Avropa ölkələri ilə azad ticarət anlaşmasının imzalaya bilməz. Çünki Avropa İttifaqı ilə azad ticarət müqaviləsin imzalanması üçün əsas şərtlərdən biri heç bir gömrük ittifaqına daxil olmamaqdır. Həmçinin Azərbaycan bu ittifaqa daxil olmaqla gələcəkdə Avropa İttifaqı ilə Assosiativ saziş imzalamaq imkanını itirir./anspress/