Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
İclasda , Respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edən nazir Əli Abbasov uğurlu inkişaf tendensiyasının rabitə və yüksək texnologiyalar sektorunda da saxlandığını danışıb.
Kollegiya iclasında ötən il ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib.
Bildirilib ki, 2014-cü ildə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 16,2% artaraq 1,7 milyard manatı ötüb. Hazırda ölkə əhalisinin 73%-i internet, 55%-i isə genişzolaqlı xidmət istifadəçisidir. Hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır. Həmçinin, Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümumdünya orta göstəricisini 18%, mobil abunəçilərin sayına görə isə 15.2% üstələyir. 2013-cü illə müqayisədə beynəlxalq internet kanallarının tutumu 50 Gbit/s artırılaraq 300 Gb/s-ə çatdırılıb ki, bu da ölkədə əhalinin internet xidmətlərindən istifadəsinin artmasının göstəricisidir. Eyni zamanda rəqəmli TV-nin əhatə dairəsi 99%-ə çatdırılıb ki, bu da MDB ölkələri arasında Azərbaycanın ön sıralarda olmasına imkan yaradıb.
Ötən ilin əsas uğurlarından da söz açan nazir, xüsusilə, Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyun ayında orbitə çıxarılmış və yeni adı “Azersky” olan “Spot 7” yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peykinin ölkəmizin milli peyk operatoru və Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, “Bakutel-2014”-ün açılışında “Azərkosmos” ASC-yə təhvil verilməsini, bu mərasimdə prezident İlham Əliyevin iştirakının ilin əlamətdar hadisəsi olduğunu vurğulayıb.
Daha sonra, Koreyanın Busan şəhərində keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransında ölkəmizin ilk dəfə olaraq BTİ-nin Şurasına üzv seçilməsini də uğurlar sırasına daxil edən nazir bunu beynəlxalq arenada ölkəmizin artan nüfuzu kimi dəyərləndirib, eyni zamanda respublikada İKT sektorunun sürətli inkişafı və sektorun inkişafına yaxından dövlət dəstəyinin nəticəsində beynəlxalq təşkilatların hesabatlarında da Azərbaycanın öz mövqeyini ilbəil möhkəmləndirdiyini bildirib. Belə ki, Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” hesabatında Azərbaycan “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. Bu göstəriciyə görə Azərbaycan MDB ölkələrindən Rusiyanı da qabaqlayaraq, Qazaxıstandan sonra 2-ci yerdə qərarlaşıb. Habelə, BMT-nin “E-Hökumət müayinəsi 2014” adlı hesabatında Azərbaycan 193 ölkə arasında “Elektron hökumətin inkişafı indeksi” üzrə əvvəlki mövqeyini 28 pillə artıraraq 96-cı yerdən 68-ci yerə yüksəldiyi diqqətə çatdırılıb.