Qazeta.info statistika komitəsinə istinadla bildirir ki, 2015-ci ilin fevral ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 820,2 min nəfərini qadınlar təşkil etmişdir.
Qadınların 57,1 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 22 uşaq gətirir. Ötən il doğulmuş 170,5 min körpənin 46,4 faizini qızlar təşkil etmişdir.
Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 21 doğum evi, 152 qadın məsləhətxanası, 282 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,2 yaş yüksək olaraq 76,8 yaşa bərabərdir.
Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4 faizdir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,6 faizi, orta ixtisas təhsil müəssisələrində 75,1 faizi, ali təhsil müəssisələrində 48,8 faizi, həkimlərin isə 64,9 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 45,8 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 67,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,5 faizi qızlardır.
Elmin inkişafında da qadınların müstəsna rolu vardır. Doktorantların 50,0 faizini, bütün elmi işçilərin isə 53,2 faizini qadınlar təşkil edir. Son 5 ildə tədqiqat və işləmələrlə məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 1,9 dəfə, fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı isə 1,7 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,7 faiz, sahibkarlar arasında isə 19,0 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,2 faizi qadınlardır.
Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 15,6 faizə çatmışdır.
Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 6 dəfə artaraq 5236 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35,0 faiz olmuşdur. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4,0 faiz təşkil etmişdir.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2285 nəfər olduğu halda, 2014-cü ildə 10278 nəfərə çatmışdır.
Beləliklə, Azərbaycan qadınları cəmiyyətimizin tam hüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edirlər.