Azərbaycan prezidenti Pakistanın baş naziri ilə görüşüb
28.02.2017 907 0.0 0

Azərbaycan prezidenti İlham Əliyevin Pakistan baş naziri Məhəmməd Nəvaz Şərif ilə təkbətək görüşü olub.
 
Məlumata görə, prezident İlham Əliyev baş nazir Məhəmməd Nəvaz Şərifə yüksək qonaqpərvərliyə görə təşəkkür edib.
 
M. N. Şərifin Bakıya uğurlu səfəri xatırlanıb.
 
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilib. Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələr müzakirə edilib, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verdiyi və qətiyyətli mövqe nümayiş etdirdiyi bir daha vurğulanıb.
 
Görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olunub. Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edilib. Bundan əlavə, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb, fevral ayında 20-yə yaxın Azərbaycan şirkətinin Pakistanda ixrac missiyasında olduğu və bu missiyanın Azərbaycanın Pakistana ixracının artırılması məqsədi daşıdığı qeyd edilib.
 
Söhbət zamanı energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, bu gün imzalanan Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında enerji sahəsində əməkdaşlıq haqqında Sazişin bu sahədə uğurlu addım olduğu vurğulanıb.
 
Görüşdə humanitar və mədəni sahədə əlaqələr müzakirə olunub. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitinin yüksək səviyyədə təşkil olunması ilə bağlı baş nazir Məhəmməd Nəvaz Şərifə minnətdarlığını bildirib.
 
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
 
Daha sonra Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar