“Kiçik həcc” adlanan ziyarət haqqında bilmədiklərimiz - “Səfa və Mərvə arasında yeddi dəfə Səy”
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfəri zamanı müqəddəs Məkkə və Mədinə şəhərlərini ziyarət edib. Ölkə başçısı və ailə üzvlərinin Məkkədə Ümrə əməllərini yerinə yetirməsi hazırda yerli sosial şəbəkə istifadəçilərinin ən çox müzakirə mövzularından biridir. Qeyd edək ki, İ.Əliyev və ailə üzvləri Məkkədə Ümrə ziyarəti əməllərini yerinə yetirib, namaz qılıb.
Bundan başqa fotolardan da göründüyü kimi ölkə başçısına yüksək ehtiram göstərərək onun Kəbə evinin içərisinə daxil olmasına şərait yaradıblar. Hansı ki, bu cür qonaqpərvərlik nadir insanlara qismət olur. Bundan başqa İ.Əliyev Mədinə şəhərində İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) qəbrini ziyarət edib, namaz qılıb.
Qeyd edək ki, Ümrə ziyarətinə bəzən “Kiçik Həcc” də deyirlər. Həcc ziyarəti məlum olduğu kimi fiziki, maddi və bir sıra digər şərtləri yerində olan müsəlmanlara ömründə bir dəfə də olsa yerinə yetirmələri vacib olan bir ibadətdir. Həcc ziyarəti zamanı müsəlman Məkkədə müqəddəs məkanları ziyarət edir, ibadət və xüsusi ayinləri yerinə yetirir. Həcc ziyarəti ildə yalnız bir dəfə Zilhiccə ayında yerinə yetirilir.
Ümrə əməlləri isə ilin istənilən vaxt yerinə yetirilə bilər. Ümrə vacib deyil, sadəcə Allah evini ziyarət niyyəti ilə edilir. Ancaq Ümrə ziyarətinin də özünəməxsus əməlləri var və ziyarət niyyəti edən şəxs bu əməlləri ardıcıllıqla, mükəmməl şəkildə icra etməlidir.
İlin adi günlərində edilən Ümrə ziyarəti mufrəda, yəni fərdi ziyarət adlanır. Həcc ziyarətində olduğu kimi, Ümrə ziyarəti niyyət edən müsəlman müəyyən olunmuş məkanda, qaydalara riayət etməklə ehram bağlayır. Ehram geyinməyin 3 vacib şərti var: Ehram paltarını geyinmək, niyyət etmək və təlbiyyə oxumaq. Ehram paltarı – iki hissədən ibarətdir. Ehram bağlayan hər bir kişi mütləq əynindəki paltarı soyunub bu iki parçanın birini çiyninə atmalı, digərini isə fitə kimi belinə bağlamalıdır.
Ehramın niyyəti – Ehram bağlayan hər bir kəs mütləq qəlbində və ya dili ilə niyyət etməlidir. Həmçinin niyyətdə qeyd etməlidir ki, məsələn, Ümrə üçün ehram bağlayır, Ehram bağlamış müsəlman Məkkəyə gələrək Kəbəni təvaf edir (ətrafına 7 dövrə vuraraq zikrləri yerinə yetirir), bundan sonra təvaf namazı qılınır. Zəvvar Məkkəyə daxil olduqdan sonra ilk növbədə təvafı yerinə yetirməlidir, yəni yeddi dəfə Kəbənin ətrafında dövrə vurmalıdır. Təvaf saat əqrəbinin əksi istiqamətində yerinə yetirilməlidir. Hər bir dövrə “Qara daş”dan (Həcərül-əsvəddən) başlayıb “Qara daş”da sona çatmalıdır. Kəbənin dövrəsində təvaf edən şəxs “İbrahim məqamı” ilə Kəbə arasında olan məsafədən kənara çıxmamalıdır. Təvafı yerinə yetirdikdən dərhal sonra hər bir zəvvar “İbrahim məqamı”nın qarşısında iki rükət namaz qılmalıdır. Bu namazla təvaf tamamlanır. Namaz sübh namazı kimidir, yalnız azan və iqamə yoxdur.
Bundan sonra zəvvar İsmayıl peyğəmbərin anası Hacərin etdiyi kimi, Səfə və Mərvə dağları arasında hərəkət edərək ibadətin növbəti bölümünü yerinə yetirir. Səy etmək, yəni Səfa və Mərvə arasında yeddi dəfə gedib-gəlməlidir. Səy etmək üçün ilk öncə niyyət edilməlidir: “Həccətül-İslamın ümreyi-təməttüsünün səyini edirəm, vacib qürbətən iləllah”. Səy Səfadan başlayıb, Mərvədə tamamlanmalıdır.
Zəvvar Səfa və Mərvə arasında yeddi dəfə səy etdikdən sonra təqsir etməlidir. Yəni dırnaqdan, yaxud başın, ya saqqal-bığın tükündən bir qədər kəsməlidir.
Ümrə ziyarətinin sonuncu əməli isə şiəlikdə “nisa təvafı”, sünni məzhəblərində isə “vida təvafı” deyilən ziyarət və onun namazıdır. Bununla da Ümrə ziyarəti başa çatır. Daha sonra isə müsəlmanlar bir qayda olaraq Mədinəyə gedərək, İslam Peyğəmbərinin (s.ə.s) məzarını ziyarət edir. O cümlədən iki müqəddəs şəhərdə yerləşən dini-tarixi məkanları ziyarət edir./musavat.com/